Bakıda yanğın‑xilasetmə xidmətləri rəhbərlərinin XXVI beynəlxalq konfransı keçirlir
Bakıda Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransı öz işinə başlayıb.
Crossmedia.az -ın məlumatına görə, əvvəlcə tədbir çərçivəsində Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti daxili xidmət general-polkovniki Aleksandr Çupriyan arasında ikitərəfli görüş keçirilib.
Görüşdə Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyası arasında əməkdaşlıq məsələləri və Bakıda keçirilən konfrans barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Sonra konfransın açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çupriyan, Özbəkistanın fövqəladə hallar naziri Botir Kudratxocayev, federasiyaya üzv ölkələrdən – Almaniya, Avstriya, Belarus, Bolqarıstan, Çin, Çexiya, Hindistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan, Kamerun, Latviya, Monqolustan, Qətər, Səudiyyə Ərəbistanı, Bəhreyn, Rusiya, Serbiya, Slovakiya və Vyetnamdan, eləcə də federasiyanın tərəfdaş şirkətlərindən ümumilikdə 100 nəfərdən artıq nümayəndə, habelə videokonfrans formatında Türkiyə və Qırğızıstan təmsilçiləri iştirak edirlər.
10:16 03.12.2025
Oxunuş sayı: 915