Ermənistan hökuməti Qarabağ danışıqlarına dair gizli sənədləri açıqladı
Ermənistanın Nazirlər Kabineti Qarabağ münaqişəsi üzrə uzun illər məxfi saxlanılan bir sıra danışıqlar sənədlərini ictimaiyyətə təqdim edib. Rəsmi məlumatda bildirilir ki, dərc olunan materiallar müxtəlif illərdə aparılan diplomatik proseslərin əsas mərhələlərini əhatə edir və regiondakı siyasi dinamikanın necə formalaşdığını anlamağa imkan verir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, açıqlanan paketə aşağıdakılar daxildir:
2011-ci ildə Kazanda müzakirə olunan sənəd – tərəflərin həmin dövrdə razılaşdırmağa çalışdığı baza prinsipləri və kompromis təklifləri özündə ehtiva edir. Bu sənəd Ermənistan–Azərbaycan danışıqlarının o dövr üçün kritik mərhələsini əks etdirirdi.
2019-cu ildə vasitəçilər tərəfindən təqdim edilən təkliflər - ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən irəli sürülmüş və tərəflərin mövqelərini yaxınlaşdırmağa yönəlmiş yeni çərçivə sənədləri dərc edilib. Bu təkliflər həmin vaxt danışıqların yenidən canlandırılması təşəbbüsü kimi qiymətləndirilirdi.
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın 2016-cı ilin avqustunda Rusiya prezidenti Vladimir Putinə ünvanladığı məktub - məktubda aprel döyüşlərindən sonra yaranmış vəziyyət, təhlükəsizliklə bağlı narahatlıqlar və Moskva ilə koordinasiya məsələləri əksini tapıb.
Erməni hökumətinin bu addımı ölkədə “şəffaflıq” tələblərinin gücləndiyi bir dövrə təsadüf edir. Rəsmi İrəvan bildirir ki, məqsəd cəmiyyətə müxtəlif hakimiyyətlər dövründə aparılan danışıqların real məzmunu barədə dolğun məlumat verməkdir.
Analitiklərin fikrincə, sənədlərin açıqlanması həm daxili siyasi müzakirələri dərinləşdirəcək, həm də regionda diplomatik atmosferi müəyyən qədər dəyişə bilər. Bəziləri bunu hazırkı hökumətin əvvəlki administrasiyaları məsuliyyət altına çəkmək cəhdi kimi qiymətləndirir, digərləri isə addımı uzunmüddətli sülh prosesində yeni mərhələnin başlanğıcı sayır.
Bu açıqlama fonunda həm Bakı, həm də Moskvanın reaksiyalarının necə olacağı diqqətlə izlənilir.
Sevinc Yarməmmədova
16:01 02.12.2025
Oxunuş sayı: 1222