İsrail ordusu Androidi məhdudlaşdırdı
İsrail Müdafiə Ordusu (ÇAXAL) mobil telefonlardan istifadə ilə bağlı yeni qaydalar tətbiq edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Yenilənmiş tələblərə əsasən, podpolkovnik və daha yüksək rütbəli zabitlər xidmətlə bağlı ünsiyyətdə yalnız Apple smartfonlarından istifadə etməlidirlər. Bu barədə Android Authority məlumat yayıb.
Əvvəllər bu məhdudiyyət yalnız polkovniklərdən başlayan yüksək komandanlıq üçün keçərli idi. Yeni qərarla dairə genişləndirilib və bütün yüksək rütbəli zabitlər üçün iPhone istifadəsi məcburi edilib.
Qərarın əsas səbəbi kibertəhlükəsizlik məsələləridir. Ordunun komandanlığı hesab edir ki, iOS sistemli cihazlar təhlükəsizlik yeniləmələrinin daha ciddi şəkildə nəzarətdə saxlanmasına və mərkəzləşdirilmiş idarəetməyə imkan verir.
Qeyd edək ki, kəşfiyyat qurumları dəfələrlə xəbərdarlıq ediblər ki, HƏMAS kimi qruplar sosial mühəndislik üsullarından istifadə edərək, WhatsApp da daxil olmaqla messencerlər vasitəsilə İsrail hərbçilərinin telefonlarına zərərli proqramlar yerləşdirməyə çalışırlar. Belə hücumların məqsədi hərbi bölmələrin yerini müəyyənləşdirmək və ya məxfi məlumatlara çıxış əldə etməkdir.
Fatimə Məmmədova
15:07 02.12.2025
Oxunuş sayı: 1087