Xarici rejissorların ölkəmizə maraq göstərməsi investisiya cəlbi baxımından mühüm əhəmiyyət kəsb edir - Açıqlama
Azərbaycanın mədəni həyatında xüsusi strateji önəm daşıyan kino sənayesi son illər dövlətin diqqət və qayğısı sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident cənab İlham Əliyevin müəyyən etdiyi uzunmüddətli strateji prioritetlər çərçivəsində milli kinomatoqrafiyanın modernləşdirilməsi, onun beynəlxalq arenada rəqabət qabiliyyətinin artırılması və yaradıcı mühitin daha da gücləndirilməsi istiqamətində ardıcıl və sistemli addımlar atılır.
Laçın şəhərində keçirilən “MDB ölkələrində müasir kino istehsalının inkişafı” adlı dəyirmi masa da bu böyük prosesin tərkib hissəsi kimi, ölkəmizin kino sənayesi sahəsində regional əməkdaşlıqda fəal mövqeyini bir daha nümayiş etdirir. Mədəniyyət nazirinin müavini Fərid Cəfərovun çıxışında vurğulanan faktlar Azərbaycanın kino sahəsinə göstərilən genişmiqyaslı dövlət dəstəyinin real nəticələrini ortaya qoyur və gələcək inkişaf üçün möhkəm zəmin yarandığını təsdiqləyir.

Məsələ ilə bağlı rejissor Kamal Yaşar Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Birinci növbədə qeyd etmək lazımdır ki, xarici rejissorların ölkəmizə maraq göstərməsi həm investisiya cəlbi, həm də müştərək layihələrin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Xarici investorun iştirakı deməkdir ki, ölkəyə əlavə maliyyə vəsaiti daxil olur və kino istehsalında beynəlxalq əməkdaşlıq yaranır. Bu isə həm iqtisadi baxımdan faydalıdır, həm də peşəkar təcrübə mübadiləsini təmin edir. Müştərək layihələr həyata keçirildiyi zaman yaradıcı mühit genişlənir və kino sənayesində bilik, təcrübə və bacarıqların artmasına şərait yaranır. Azərbaycanın müasir kino tarixində belə layihələr çox az olub. Lakin mövcud nümunələr göstərir ki, birgə istehsal maliyyə yükünün bölüşdürülməsi, peşəkarlığın artırılması və sənayenin inkişafı üçün son dərəcə səmərəli təcrübədir. Bundan əlavə, xarici kino şirkətlərinin ölkəmizdə film çəkməsi Azərbaycan təbiətinin, şəhərlərinin və turizm məkanlarının dünya kino platformalarında nümayişinə böyük imkan yaradır. Bir çox ölkə bunu təşviq etmək üçün xüsusi mexanizmlər tətbiq ediblər. Məsələn, illər əvvəl qonşu Gürcüstan bu sahədə vergi güzəştləri təqdim etməklə xarici film istehsalçılarını öz ərazisinə cəlb etdi. Şərt belə idi ki, film açıq şəkildə Gürcüstanın hansı ərazisində çəkildiyini göstərsin və nəticədə dövlət həmin filmin büdcəsinin müəyyən hissəsini geri ödəsin. Bu yanaşmanın əsas məqsədi ölkənin təbii gözəlliklərinin və turizm potensialının beynəlxalq film məkanlarında geniş şəkildə tanıdılması idi".
Rejissor, həmçinin eyni modelin Azərbaycanda tətbiqi də ölkəmizə ciddi faydalar verə biləcəyini qeyd edib: "Birgə istehsalın genişlənməsi, yeni filmlərin ərsəyə gəlməsi və Azərbaycanın təbiətinin, tarixi məkanlarının, turizm potensialının xarici filmlərdə nümayişi həm kino sənayesinin inkişafına, həm də ölkəmizin tanıdılmasına mühüm töhfə verəcək. Beləliklə, bu sahədə əməkdaşlıq həm iqtisadi, həm mədəni, həm də imic baxımından çoxşaxəli üstünlüklər yaradır. Azərbaycanın təşəbbüslərinə görə xüsusi təşəkkür düşür".
Elmir Heydərli
12:39 01.12.2025
Oxunuş sayı: 1715