Azərbaycan filmlərinin MDB məkanında yayımlanması çox təqdirəlayiqdir - Kinoşünas
Azərbaycanın mədəni diplomatiya sahəsində atdığı addımlar son illərdə regional əməkdaşlığın genişlənməsində mühüm rol oynayır. Bu istiqamətdə Laçın şəhərində keçirilən “MDB ölkələrində müasir kino istehsalının inkişafı” adlı dəyirmi masa həm ölkəmizin beynəlxalq mədəni platformalarda aktiv mövqeyini, həm də kinomatoqrafiya sahəsində yeni əməkdaşlıq imkanlarının formalaşdığını nümayiş etdirdi.
Mədəniyyət Nazirliyinin və Azərbaycan Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbir MDB ölkələrinin kino qurumları arasında dialoqun gücləndirilməsi, yeni layihələrin üzərində fikir mübadiləsinin aparılması və birgə yaradıcı təşəbbüslərin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Dəyirmi masada iştirak edən Azərbaycanla yanaşı Belarus, Rusiya, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistanın kino nümayəndələrinin çıxışları göstərdi ki, kino yalnız mədəniyyətin bir sahəsi deyil, həm də ölkələr arasında uzunmüddətli humanitar tərəfdaşlığın formalaşmasına xidmət edən güclü vasitədir.
Məsələ ilə bağlı kinoşünas Aygün Aslanlı Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Azərbaycan filmlərinin MDB məkanında yayımlanması çox təqdirəlayiq bir haldır və bu proses hazırda həyata keçirilir. Bu, daha da genişləndirilməkdədir. Əlbəttə, daha arzuolunan hal olardı ki, bu filmlər ilkin olaraq göstərilib icarəyə verilin və gəlir əldə olunsun. Ümumilikdə bu məsələni çox müsbət qiymətləndirirəm".
Elmir Heydərli
12:30 01.12.2025
Oxunuş sayı: 1573