Heç bir dövlət başçısı işğaldan azad edilən ərazilərə bu qədər səfər etməyib - Deputat
Son beş ildə Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfərləri və burada həyata keçirdiyi layihələrin miqyası diqqət çəkir. Dövlət başçısı işğaldan azad olunmuş bölgələrdə ümumilikdə 569 tədbirdə iştirak edib, 177 layihənin təməlini qoyub və 167 obyektin açılışını edib. Orta hesabla hər il təxminən 114 tədbir, 35 layihənin təməli və 33 infrastruktur obyektinin açılışı həyata keçirilir.
Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə göstərdiyi diqqət və qayğı barədə fikirlərini bölüşən deputat Anar İsgəndərov işğaldan azad olunan ərazilərdə aparılan quruculuq işlərinin, Qarabağın işğaldan azad olunması qədər diqqətəlayiq və möhtəşəm olduğunu bildirib: "Qarabağın və Şərqi Zəngəzurun düşmən işğalından azad olunması nə qədər böyük tarixi hadisədirsə, həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də bir o qədər diqqətəlayiq və möhtəşəmdir. Xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda 569 tədbirdə iştirak etməsi, çoxsaylı layihələrin təməlini qoyması və müxtəlif obyektlərin açılışında iştirakı dünyada analoqu olmayan hadisədir. Heç bir dövlət başçısı işğaldan azad edilən ərazilərə bu qədər səfər etməyib, insanlar ilə bu qədər sıx təmasda olmayıb və bu qədər çox layihənin icrasında şəxsən iştirak etməyib".
Deputat vurğulayıb ki, bütün bu faktlar Prezident İlham Əliyevin, sözün əsl mənasında, Qarabağın fatehi olduğunu təsdiqləyir: "Onun bu ərazilərin azad edilməsində müstəsna rolu var və ölkənin tam suverenliyinin bərpasındakı xidmətləri əvəzsizdir. Şərqi Zəngəzur və Qarabağda gecə-gündüz davam edən bərpa və quruculuq prosesi onu göstərir ki, Azərbaycan dövləti, xalqı və Prezident bu torpaqları cənnətə çevirmək əzmindədir. Eyni zamanda dünya ictimaiyyətinə də çox aydın bir mesaj verilir: Qarabağ Azərbaycandır, Şərqi Zəngəzur Azərbaycandır".
Sonda A. İsgəndərov bildirib ki, Azərbaycanın məqsədi azad olunmuş əraziləri bərpa edib dünyaya bu torpaqların sahibinin Azərbaycan xalqı olduğunu göstərməkdir: "Bu gün Azərbaycan xalqının və dövlət başçısının əsas məqsədi bu əraziləri dirçəltmək, tariximizin, mədəniyyətimizin və dini irsimizin dağıdılmış abidələrini bərpa etmək, dünyaya isə açıq şəkildə göstərməkdir ki, bu torpağın əsl sahibi Azərbaycan xalqıdır. Azərbaycanın həyata keçirdiyi quruculuq işləri dünya ictimaiyyətinin ən kiçik şübhəsini belə aradan qaldırır və bu ərazilərin mübahisəsiz şəkildə Azərbaycan torpağı olduğunu bir daha təsdiqləyir. Erməni yalanları nə qədər geniş yayılmış olsa da, bu gün artıq onların mövcudluğu üçün zəmin yoxdur".
Pərvin Hacıyeva
19:05 19.11.2025
Oxunuş sayı: 2008