Bu etirazlar mərkəzi hakimiyyətə xalqın gücünü göstərdi - Deputat
1988-ci ilin noyabr-dekabr hadisələri Azərbaycanın müasir siyasi yaddaşında dönüş nöqtəsi kimi qalmaqdadır. SSRİ rəhbərliyinin ədalətsiz qərarları, Ermənistanın açıq iddiaları və Dağlıq Qarabağda gərginliyin süni şəkildə alovlandırılması fonunda Azərbaycan xalqı ilk dəfə bu qədər kütləvi şəkildə meydanlara axışdı. Bu, yalnız etiraz deyildi - milli özünüdərk prosesinin güclənməsi, xalqın öz sözünü demək iradəsi və tarix səhnəsinə yeni siyasi düşüncənin çıxışı idi. Mərkəzi hakimiyyətin dilsiz-sözsüz qaldığı, yerli rəhbərliyin isə prosesləri idarə etmək iqtidarında olmadığı bir dövrdə xalqın qurduğu bu böyük dayanışma həm imperiyanın diqqətini Bakıya yönəltdi, həm də Azərbaycanın gələcək dövlətçilik yolunun əsasını qoydu. Meydanlarda səslənən tələblər, o gün formalaşan birliyə çağırışlar sonrakı illərdə ölkənin siyasi müstəqillik mübarizəsinə güc verdi və milli liderlik anlayışının yenidən formalaşmasına səbəb oldu. Bu hərəkat təkcə bir etiraz mərhələsi yox, həm də xalqın öz haqqını, torpağını və kimliyini müdafiə etmək əzmini bütün dünyaya göstərdiyi tarixi bir dönəm idi. Məhz buna görə, 1988-ci ilin meydan hadisələri bu gün də Azərbaycanın milli iradəsinin ən parlaq nümunələrindən biri kimi xatırlanır.
Həmin günlərlə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-a açıqlama verib. O bildirib ki, Milli Dirçəliş Gününü təsadüfi bir tarix kimi qiymətləndirmək olmaz: ‘’1987-ci ildə Ulu Öndər Heydər Əliyevin SSRİ hakimiyyətindən uzaqlaşdırılmasından sonra erməni millətçiləri Azərbaycanın torpaqlarına dair iddialarını açıq şəkildə ortaya qoymağa başladılar. Bu məsələdə SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçov da Ermənistan tərəfinə ciddi dəstək verirdi. Erməni millətçiləri təkcə mitinqlər keçirmir, həm də Dağlıq Qarabağda Azərbaycanın mərkəzi hakimiyyət orqanlarını prosesdən kənarlaşdırmağa çalışır, Ermənistan isə açıq şəkildə Azərbaycanın daxili işlərinə müdaxilə edirdi. Bununla belə, Azərbaycan xalqı tezliklə buna öz etirazını bildirməyə başladı. Mitinqlər, iclaslar və mərkəzi hakimiyyətə edilən müraciətlər nəticə vermirdi. Vəziyyətin gərginləşdiyini görən Azərbaycan xalqı 1988-ci ilin 17 noyabrından 5 dekabrınadək təqribən bir ay boyunca milyonlarla insanla Bakının mərkəzi meydanına toplaşaraq SSRİ hakimiyyətinə etirazını nümayiş etdirdi. Bu etirazlar mərkəzi hakimiyyətə xalqın gücünü göstərdi. Xalq torpağından və suverenliyindən əl çəkməyəcəyini, Moskvanın ciddi addımlar atmalı olduğunu bəyan etdi. Bu, mitinqlərdə səslənən tələblərdə də açıq şəkildə görünürdü’’.
Deputat bildirib ki, həmin dövrdə həm Azərbaycan SSR rəhbərliyinin, həm də xalq hərəkatının cəmiyyəti bütövlükdə arxasınca apara biləcək bir liderinin olmaması vəziyyətin həllini çətinləşdirirdi: ‘’Mitinqlərdə tez-tez Ulu Öndər Heydər Əliyevin adı çəkilir, onun hakimiyyətdə olsaydı proseslərin ya baş verməyəcəyinə, ya da vaxtında qarşısının alınacağına dair fikirlər səslənirdi. 1990-cı il yanvarın 21-də Heydər Əliyevin Moskvadakı Azərbaycan daimi nümayəndəliyində SSRİ rəhbərliyinin Azərbaycana qarşı ədalətsizliyini kəskin tənqid etməsi göstərdi ki, Azərbaycan xalqının lideri var və o, bu problemləri həll etmək gücünə malikdir. Daha sonra onun Naxçıvan Ali Məclisində Xocalı faciəsinə siyasi qiymət verməsi, yeni dövlət atributlarını – bayraq və gerbi gündəmə gətirməsi, Azərbaycanın həqiqətlərini Naxçıvandan bütün dünyaya çatdırması vəziyyəti tədricən dəyişməyə başladı. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı və Azərbaycan ərazi bütövlüyü uğrunda aparılan uzun, qətiyyətli mübarizə 2020-ci ilin 8 noyabrında əldə edilən Zəfərlə nəticələndi. Bu Zəfərə Azərbaycan xalqı ağır, məşəqqətli, amma son dərəcə iradəli bir yolla gəldi. Bu tarixdə 1988-ci ilin noyabr-dekabr hadisələrinin xüsusi rolu var. Dünya həmin dövrdə Azərbaycan xalqının qətiyyətini gördü. Elə buna görə də bir sıra nüfuzlu xarici qəzet və nəşrlər Azərbaycan xalqını “ilin xalqı” adlandırdı. Hesab etmək olar ki, biz təkcə 1988-ci ilin deyil, elə bu günə qədər hər ilin “ilin xalqıyıq”. Torpağımız uğrunda mübarizəmiz, qətiyyətimiz, Azərbaycanın nüfuzunun artması və bu gün ölkəmizin Mərkəzi Asiya Dövlətləri Birliyinə bərabərhüquqlu üzv qəbul edilməsi göstərir ki, Azərbaycan düzgün yoldadır. İndiki siyasi rəhbərlik xalqın etimadını doğruldur. 1988-ci ildən xalqımıza qarşı edilən ədalətsizlik əvvəl Ulu Öndərin, hazırda isə Cənab Prezidentin liderliyi ilə aradan qaldırıldı və Azərbaycan layiq olduğu nüfuzu qazandı’’.
Sevinc Yarməmmədova
17:15 17.11.2025
Oxunuş sayı: 2569