Azərbaycanda terror təşkilatlarına qarşı konkret addımlar atılır - Deputatla MÜSAHİBƏ
Nəqliyyat xətləri yalnız ölkələrin iqtisadi inkişafında deyil, həm də regional və qlobal təhlükəsizlik sistemində strateji rol oynayır. Bu səbəbdən, nəhəng regional layihələrin həyata keçirilməsinə mane olmaq və dövlətlərin sabitliyini pozmaq məqsədilə xarici müdaxilələr ciddi təhdid kimi qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyev “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı məhz bu məsələyə diqqət çəkərək, xüsusi xidmət orqanları arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin həyati əhəmiyyət daşıdığını vurğulayıb.
Prezident bildirib ki, əsas nəqliyyat obyektlərinə və marşrutlara qarşı planlaşdırılan pozuculuq aktları barədə fasiləsiz və operativ məlumat mübadiləsi aparmaq, birgə profilaktik tədbirlər görmək olduqca vacibdir. Eyni zamanda, tranzit xətlərdən istifadə etməyə cəhd göstərən terrorçu təşkilatlar və cinayətkar qrupların destruktiv fəaliyyətinin qarşısının alınması üçün əlaqələndirilmiş əməliyyat tədbirlərinin hazırlanması və həyata keçirilməsi prioritet fəaliyyət istiqamətləri arasında yer alır. Bu əməkdaşlıq həmçinin kibertəhdidlərdən müdafiə, nəqliyyat axınlarının nəzarət və monitorinqi, eləcə də qabaqcıl texnologiyaların tətbiqi sahəsində təcrübə mübadiləsini də əhatə edir.
Beləliklə, Prezident İlham Əliyevin çıxışı göstərir ki, beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin edilməsi yalnız milli maraqların qorunması deyil, eyni zamanda regional sabitliyin təminatında xüsusi xidmət orqanlarının fəaliyyətinin əlaqələndirilməsinin vacibliyini ortaya qoyur.
Ölkə başçısının fikirləri ilə bağlı Milli Məclisin deputat Məlahət İbrahimqızı Crossmedia.az-a müsahibə verib:
— Azərbaycan bu gün nəqliyyat və tranzit sahəsində hansı mövqeyə malikdir?
— Prezidentimizin çıxışında da vurğulandığı kimi, bu gün Azərbaycan dünyanın ən önəmli tranzit-nəqliyyat məkanlarından birinə çevrilib. Ölkəmizi yalnız nəqliyyat qovşağı kimi deyil, həm də qlobal logistika mərkəzi kimi qiymətləndirmək daha doğru olar. Azərbaycan “Orta Dəhliz”in — Çinin başladığı Bir kəmər, bir yol layihəsinin — ən mühüm və strateji hissəsi kimi beynəlxalq media və təşkilatlarda təqdim olunur. Yükdaşımalar baxımından da Azərbaycan həm Şərqlə Qərbi birləşdirən ən qısa və sərfəli marşrut rolunu oynayır; əvvəllər 2 ay yarım çəkən daşımalar indi 15 günə qədər azalıb.
— Azərbaycanın regionda və dünyada rolu necə qiymətləndirilir?
— Azərbaycanın əhəmiyyəti günbəgün artır. Mərkəzi Asiya Dövlət Başçılar Şurasının iclasında ölkəmizin, xüsusilə Prezidentimizin gələcəyə yönəlik siyasətinin önəmi vurğulandı. Cənab Prezident dünyanın müxtəlif bölgələrindən yüksək vəzifəli şəxsləri qəbul edir və Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılar Şurasının 7-ci rəsmi tərəfdaşı statusunu əldə edib. Bu, həm region, həm də dünya səviyyəsində Azərbaycanın etibarlı və strateji tərəfdaş olduğunu göstərir.
— Region üçün hansı təhlükələr mövcuddur və Azərbaycan necə reaksiya verir?
— Dünyada ən təhlükəli cinayət növlərindən biri transmilli, yəni ölkələrarası təşkilatlanmış cinayətlərdir. Regionumuz müəyyən terror qrupları və transmilli cinayət şəbəkələrinin diqqətinə düşə biləcək həssas məkandır. Lakin Azərbaycan dövlətinin bütün imkanları bu cəhdlərin qarşısını almağa yönəldilib. Tarixi boyunca terror təhlükələrinə qarşı həmişə vaxtında və effektiv reaksiya göstərilib.
— Azərbaycanın tranzit xətləri və təhlükəsizlik məsələləri ilə bağlı mövqeyi necədir?
— Hazırda terror təşkilatlarına qarşı çox konkret addımlar atılır. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın tranzit xətləri heç vaxt terror qruplarının və ya hər hansı qanunsuz fəaliyyətin alətinə çevrilə bilməz. Bu, ölkəmiz və dövlətimizin nüfuzu üçün prinsipial və qəti mövqedir.
Elmir Heydərli
12:16 17.11.2025
Oxunuş sayı: 962