Zəfər Parkında Birlik və Qürur: Anım Günü Reportajı








Sentyabrın 27-si, 2025-ci il. Anım Günü. Günorta saatlarında Zəfər Parkına doğru yola çıxdım. Göy boz, hava isə yağışlı və küləkli idi. Amma bu, nə məni, nə də minlərlə insanın bu müqəddəs yerə axın etməsinə mane ola bilmirdi. Parka çatanda gözlərimin qarşısında açılan mənzərə həm məni təəccübləndirdi, həm də ürəyimi qürurla doldurdu. İzdiham, sanki bir dəniz kimi dalğalanır, amma bu dalğalar nə səs-küylü, nə də xaotik idi – hər kəs sakit, lakin məğrur bir duruşla öz yerini tutmuşdu. Bu, sadəcə bir park deyildi; bu, xalqımızın əzəmətinin, birliyinin və zəfərinin canlı abidəsi idi.
Zəfər Parkına daxil olmaq üçün uzun növbələrə durdum. İnsanlar qrup qrup ziyarət edirdilər. Növbəyə dayanıb məndə insan seli ilə parka dogru addımladım. Yağış damlaları üzümdə süzülür, külək paltarlarımı nəmləndirirdi, amma bu, heç kəsi narahat etmirdi. Gənc, yaşlı, kişi, qadın, fiziki məhdudiyyəti olanlar, hətta əlil arabasında gələnlər – hamı burada idi. Hər kəsin üzündə eyni hissi oxumaq olardı: qürur, minnətdarlıq və bir az da həzin xatirələr. Bu mənzərə məni beş il əvvələ – 2020-ci ilin payızına apardı. O günlər xalqımızın bir yumruq kimi birləşdiyi, əks-hücum əməliyyatında suverenliyimizi bərpa etdiyi günlər idi. Bu gün mənə 5 il əvvəl cəbhəyə axışan cavabları, əsgərlərə məktub göndərən məktəbliləri, yaşlılıq təqaüdünü əsgərlərə bağışlayan nənəni xatırlatdı. İndi, bu parkda, eynən o birliyin ruhunu hiss edirdim.
Növbədə dayanarkən ətrafımdakı insanları müşahidə etdim. Yanımda yaşlı bir kişi dayanmışdı, əlindəki bayrağı sıxır, gözləri uzaqlara dalmışdı. Sanki o, bu torpaqların azadlığı uğrunda canını verən oğullarını xatırlayırdı. Bəlkə də öz gəncliyini, birinci Qarabağ müharibəsini. Bir az aralıda gənc bir ana körpəsini qucaqlamış, ona parkın abidələrini göstərirdi. “Bax, balam, bu bizim zəfərimizdir,” – deyirdi səsi titrəyə-titrəyə. Hər kəsin üzündə eyni duyğu: itirdiklərimizə hörmət, qazandıqlarımıza sevinc və sonsuz məmnuniyyət.
Yağışa və küləyə baxmayaraq, insanlar saatlarla gözləyirdi. Parkın qarşısındakı izdiham azalmırdı ki, çoxalırdı. Heç kim tələsmirdi, heç kim şikayət etmirdi. Sanki hamı bu anın, bu yerin müqəddəsliyini dərk edirdi. Zəfər Parkı sadəcə bir məkan deyildi; bu, xalqımızın qəhrəmanlığının, fədakarlığının və yenilməzliyinin simvolu idi. Hər addımda, hər abidənin qarşısında dayanarkən, şəhidlərimizin ruhu ilə nəfəs aldığımı hiss edirdim. Parkın hər küncündə çəkdiyim şəkillər təkcə mənzərələri deyil, bu xalqın qəlbini, ruhunu əks etdirirdi. Qəribə idi. Burda olan heç kim bir gün bu anları yaşayacağını düşünə bilməzdi. Amma biz bu gün bu məğrur duruşla öz kimliyimizi bütün dünyaya göstəririk.
Bir gənc yanıma yaxınlaşdı deyəsən jurnalist idi: “Sən də bu anı çəkmək üçün gəlmisən?” Dedim: “Bəli, amma təkcə şəkillər deyil, bu hissləri, bu birliyi çəkmək istəyirəm.” O, gülümsədi və dedi: “Bu park bizim hamımızın hekayəsidir. Burda hər kəs özünü azad hiss edir.” Bu sözlər məni dərindən təsirləndirdi. Həqiqətən də, Zəfər Parkı təkcə şəhidlərimizin xatirəsinə həsr olunmuş bir yer deyildi; bu, xalqımızın azad ruhunun, birliyinin və qürurunun təcəssümü idi.
Saatlar keçdi, amma izdiham azalmırdı. Əksinə, daha da çoxalırdı. Məndə heç cür buranı qoyub getmək istəmir, insanların üzündəki qalibiyyəti, birliyi görməkdən doymurdum. Hər kəs bu günü, bu anı yaşamaq, şəhidlərimizə hörmətini bildirmək üçün gəlmişdi. Yağış damlaları, küləyin səsi, insanların səssiz duaları – hamısı bir harmoniya təşkil edirdi. Bu, sadəcə bir anım günü deyildi; bu, xalqımızın keçmişini, bu gününü və gələcəyini birləşdirən bir bayram idi.
Zəfər Parkından ayrılarkən ürəyimdə bir ağırlıq, eyni zamanda bir qürur hissi ilə dolu idim. Beş il əvvəl başlayan əks-hücum əməliyyatı təkcə torpaqlarımızı azad etməmişdi; o, bizi bir xalq kimi daha da möhkəmləndirmiş, ruhumuzu yüksəltmişdi. Bu gün, bu parkda, o ruhu yenidən yaşadım. Hər kəsin üzündəki məğrurluq, gözlərdəki parıltı, əllərdəki bayraqlar – hamısı bir daha sübut etdi ki, biz zəfər xalqıyıq. Və bu zəfəri heç bir güc heç vaxt soldura bilməz.
Ayhan
18:58 27.09.2025
Oxunuş sayı: 1984