Bakıda "Türk dünyasının mədəni kodları" adlı beynəlxalq simpozium keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları" adlı beynəlxalq simpozium keçirilib.
Crossmedia.az xəbər verir ki, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinə həsr olunan tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, həm aşıq Ələsgər, həm də Üzeyir Hacıbəyli Azərbaycan mədəniyyətinin bir-birini tamamlayan iki görkəmli şəxsiyyətidir: "Aşıq musiqisi professional musiqinin mənbəyidir. Üzeyir Hacıbəylinin dünyaca şedevr əsərlərinin əsasları aşıq musiqisi, xalq mahnılarıdır. Aşıq Ələsgər aşıq ədəbiyyatının nizamnaməsini yaradıb".
Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov musiqi, folklor və ədəbiyyatda ortaq mədəni kodların araşdırılaraq gələcək nəsillərə çatdırılmasının zəngin qeyri-maddi irsimizin qorunub saxlanması istiqamətində mühüm addım olduğunu vurğulayıb.
Daha sonra Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış edərək vurğulayıb ki, onun rəhbərlik etdiyi qurum türk xalqlarının mədəni irsinin öyrənilməsi, tədqiqi və təbliğinə üstünlük verir.
Ardınca Azərbaycan Milli Konservatoriyasının rektoru Kamila Dadaşzadə, Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutundan Metin Ekici, AMEA Folklor İnstitutunun direktoru Hikmət Quliyev və K. Bayseitova adına Qazaxıstan Milli İncəsənət Universiteti Meruert Kurmanqalieva məruzələrlə çıxış ediblər.
Qeyd edək kj, simpozium işini 25–26 sentyabr Azərbaycan Milli Konservatoriyasında davam etdirəcəkdir.
14:43 25.09.2025
Oxunuş sayı: 768