Vilayəti Zəngəzur dəhlizindən danışdı: Azərbaycana təhdid, yoxsa Pezeşkiana xəbərdarlıq?

İranın ali dini lideri Ayətullah Əli Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi məsələsinə münasibət bildirib və bu məsələ ilə bağlı Azərbaycan və Türkiyəyə növbəti dəfə sərt xəbərdarlıq edib.Əli Əkbər Vilayəti Cənubi Qafqazda baş verən proseslərlə bağlı açıqlamasında, İranın bölgədə öz maraqlarını qətiyyətlə qoruyacağını deyib. O qeyd edib ki, İran “uğursuz təcrübənin təkrarına” yol verməyəcək və bu cür cəhdlərə sərt cavab verəcək. Vilayəti əlavə edib ki, Tehran regionda sabitliyin pozulmasına imkan verməyəcək və istənilən təhlükəyə qarşı lazım olan addımı atacaq. İran rəsmiləri son aylarda Zəngəzur dəhlizinə qarşı dəfələrlə etiraz bildiriblər və bu layihənin regionda geosiyasi tarazlığı poza biləcəyini iddia ediblər.
İranda Məsud Pezeşkian hakimiyyətə gələndən sonra rəsmi Tehranın Bakıya ilə bağlı siyasəti xeyli dərəcə loyallaşıb. Bu, Pezeşkianın bəyanatlarında da hiss olunur. Belə bir vaxtda dini liderin baş müşavirin açıqlaması diqqət çəkir. Maraqlıdır, Əli Əkbər Vilayətinin dedikləri nəyə hesablanıb?- Tehran - Bakı münasibətlərinin inkişafının qarşısına almağa, yoxsa perspektivdə Zəngəzur dəhlizinin açılmasına mane olmağa?
Məsələ ilə bağlı açıqlama verən "Yeni Müsavat" Media Qrupunun təsisçisi Rauf Arifoğlu bu açıqlama ilə rəsmi Tehranın hazırda gedən prosseslərə qarşı olduğunu qeyd edib: “Bəli, İranın Ali Dini Lideri Ayətullah Əli Xameneinin baş müşaviri, tanınmış mühafizəkar siyasətçi Əli Əkbər Vilayəti növbəti dəfə Azərbaycan və Türkiyəyə sərt mesaj ünvanlayıb. O, Zəngəzur dəhlizi ilə bağlı bu ölkələrin atdığı addımları açıq şəkildə tənqid edib və Tehranın bu prosesə qarşı olduğu barədə xəbərdarlıq səviyyəsində açıqlama verib. Vilayətinin bu ritorikası, İran-Azərbaycan münasibətlərində son aylarda müşahidə olunan yumşalma fonunda ziddiyyətli görünür. Xüsusilə prezident Məsud Pezeşkianın hakimiyyətə gəlişi ilə Tehran-Bakı münasibətlərində yeni səhifə açıldığı bir zamanda bu tip sərt bəyanatlar ölkə daxilindəki siyasi qütblər arasındakı fikir ayrılıqlarını bir daha üzə çıxarır. Mənə görə, Əli Əkbər Vilayəti İranın radikal mühafizəkar qanadının ən “quzğun”larındandır və onun ideoloji kökləri İslam İnqilabının ekspansionist siyasətinə əsaslanır. Bu ideoloji doktrina İranın regionda – xüsusən də Cənubi Qafqazda və Orta Asiyada təsir dairəsini genişləndirməyi, burada vilayət-i fəqih rejiminin analoqu olan strukturlar qurmağı hədəfləyir. Mühafizəkarların nəzərində Azərbaycan Respublikasının mövcudluğu – sekulyar, qərbyönlü və türk milli kimliyinə əsaslanan bir dövlət modeli – İran üçün həm ideoloji, həm də strateji təhlükədir. Onlar hesab edirlər ki, Zəngəzur dəhlizi bu dövlətin və onun Türkiyə ilə birlikdə yaratdığı Turan xəttinin genişlənməsinə səbəb olacaq”.
R.Arifoğlu həmçinin Zəngəzur dəhlizinin reallaşmasını türk dünyasını birləşdirəcək bir layihə kimi qiymətləndirildiyini söyləyib: “Zəngəzur dəhlizinin reallaşması, yalnız Azərbaycanla Türkiyəni deyil, eyni zamanda bütövlükdə türk dünyasını birləşdirəcək mühüm geostrateji layihə kimi qiymətləndirilir. Bu isə İranın mühafizəkar dairələrinin gözündə panturanizmin və panazərbaycançılığın genişlənməsi deməkdir. Vilayətinin sərt çıxışı da məhz bu təhlükə alqısının təzahürüdür.
Digər tərəfdən isə, İranın yeni prezidenti Məsud Pezeşkian islahatçılar düşərgəsinin nümayəndəsidir və daha praqmatik xarici siyasət yanaşmasını təmsil edir. Onun hakimiyyətə gəlməsi ilə İranın qonşularla – o cümlədən Azərbaycan, Pakistan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istiqamətində addımlar atdığı müşahidə olunur. Pezeşkianın Azərbaycan və Pakistana səfərləri, Zəngəzur məsələsində ritorikanın mülayimləşdirilməsi cəhdləri və dini-etnik məsələlərə daha realist yanaşması, ölkə daxilində ideoloji konfrontasiyanın artdığını göstərir.
İran Konstitusiyasına görə, dövlətin ali rəhbəri – yəni Ayətullah Xamenei – ölkənin ideoloji və strateji kursunu müəyyənləşdirən əsas fiqurdur. Lakin prezident və hökumət icraedici mexanizmlər olaraq praktiki siyasəti formalaşdırırlar. Bu səbəbdən də, son dönəmlərdə müşahidə olunan iki cəbhə – mühafizəkarlar və islahatçılar – arasında ciddi mübarizə getdiyi görünür. Bir tərəf İranı əvvəlki ideoloji müstəvidə saxlamaq, digər tərəf isə onu beynəlxalq təcriddən çıxarmaq və regionda əməkdaşlıq platformasına çevirmək istəyir".
Həmsöhbətimizin fikrincə, Məsud Pezeşkian tərəfdarları – istər azərbaycanlılar, istər kürdlər, istərsə də fars islahatçılar – anlayırlar ki, İran iqtisadi baxımdan çökmə nöqtəsinə yaxınlaşır, xalq sosial və siyasi narazılıq içindədir, dünyanın böyük gücləri ilə müharibə aparılır və regionda hərbi ritorika ilə davamlılıq mümkün deyil: "Bu baxımdan da, Pezeşkianın atdığı diplomatik addımlar İranın gələcək strategiyası üçün alternativ yol açır. Lakin paralel şəkildə Vilayəti kimi qatı ideoloqların aqressiv çıxışları, bu yolda ciddi əngəllərin və daxili müqavimətin olduğunu sübut edir. Nəticə etibarilə, Vilayətinin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi sərt mövqe təkcə Azərbaycanın deyil, həm də İranın özünün gələcək taleyi baxımından önəmli siqnaldır. Çünki bu bəyanat İran daxilində baş verən siyasi savaşın səsini əks etdirir və hələlik nəticəsi bəlli olmayan bir daxili kurs mübarizəsini üzə çıxarır. İran ya Pezeşkianın timsalında normal dövlətçilik modelinə keçəcək, ya da Vilayətinin dili ilə dünyaya meydan oxumağa davam edəcək. Hər iki ssenaridə isə Azərbaycan üçün regional güc olaraq öz mövqeyini qorumaq və diplomatik çevikliyini saxlamaq həyati əhəmiyyət daşıyır”.
Elmir Heydərli
16:24 06.08.2025
Oxunuş sayı: 1000