"Sertifikasiya prosesi təhsilin sağlamlaşdırılması ilə nəticənir"- Ekspert

Son illərdə təhsil sahəsində aparılan islahatların əsas istiqamətlərindən biri də müəllimlərin peşəkar inkişafının və məsuliyyətinin artırılmasıdır. Bu məqsədlə tətbiq olunan müəllimlərin sertifikasiya imtahanları Azərbaycanda müəllimlərin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi, eləcə də təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm addım hesab olunur. Sertifikasiya prosesi müəllimlərin yalnız fənn biliklərini deyil, həm də pedaqoji yanaşmalarını, müasir tədris metodlarına uyğunluqlarını qiymətləndirməyə imkan verir. Bu yanaşma həm təhsil sistemində şəffaflığın təmin olunması, həm də şagirdlərin keyfiyyətli təhsil alması üçün zəruri baza yaradır.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndiyev Crossmedia.az-a açıqlama verib:
“Sertifikasiya prosesi növbəti il bütün fənnlər üzrə başa çatmış olacaq. Qeyd edim ki, sertifikasiya prosesi təhsilin sağlamlaşdırılması, konkret auditoriyaya daha yüksək ixtisas sahiblərinin daxil olması ilə nəticələnir. Çünki biz sertifikasiya prosesində öz ixtisasını bilməyən, saxta diploma sahib olan şəxsləri müəyyənləşdirdik və təhsildən uzaqlaşdırdıq. Düşünürəm ki, bu olduqca müsbət məqamdır. Bu cür insanları təhsildən uzaqlaşdırıb onların yerinə konkret ixtisas sahiblərini gətirilməsi təhsilin inkişafına töhfədir. Bütün bunlar təhsilin daha da inkişaf etməsi kimi dəyərləndirə bilərik. 2027-ci ildə, bütün proses tam yekunlaşdıqdan sonra, yenə də növbəti mərhələdə sertifikasiya imtahanını bir dəfə verən şəxslərin artıq ikinci dəfə bu prosesə cəlb olunması başlanacaq. Düşünürəm ki, bu proses daimi davam edər, təhsil verənlər də öz inkişaflarında maraqlı olarsa, daha müsbət nəticələr əldə edə bilərik”.
Ayhan
18:45 12.07.2025
Oxunuş sayı: 1069