Professor Mərdanov elmi nəşirlərə verilən müasir tələblər mövzusunda təcrübəsini AzMİU alimləri ilə bölüşdü


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) elmi tədqiqat fəaliyyətinin gücləndirilməsi, beynəlxalq elmi mühitə inteqrasiyanın sürətləndirilməsi və elmi nəşrlərin keyfiyyətinin artırılması istiqamətində mühüm təşəbbüslər davam edir. Bu çərçivədə Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru, görkəmli alim, professor Misir Mərdanovun “Nüfuzlu elmi jurnalın hazırlanması yolları” mövzusunda seminarı təşkil olunub.
Seminarda AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, universitet rəhbərliyi, müxtəlif fakültələrin professor-müəllim heyəti və elmi tədqiqatla məşğul olan əməkdaşlar iştirak ediblər.
Seminarı giriş nitqi ilə açan rektor professor Gülçöhrə Məmmədova mövzunun aktuallığını vurğulayaraq bildirib ki, elmin inkişafında və biliklərin paylaşılmasında nüfuzlu elmi jurnallar mühüm rol oynayır. Onun sözlərinə görə, yüksək impakt faktorlu jurnallarda dərc olunan tədqiqatlar bir tərəfdən universitetlərin beynəlxalq reytinqlərdə yer almasına, digər tərəfdən isə dövlətin elm siyasətinin qlobal elmi ictimaiyyətdə tanınmasına mühüm töhfə verir.
“Azərbaycan Memarlıq və İnşaat Universiteti olaraq məqsədimiz elmi tədqiqatların keyfiyyətini daha da yüksəltmək, gənc tədqiqatçıları təşviq etmək və elmi nəticələrin beynəlxalq səviyyədə yayımına imkan yaradacaq platformalar formalaşdırmaqdır. Seminar da məhz bu istiqamətdə atılan mühüm addımlardan biridir. Bu baxımdan nüfuzlu elmi platformarda yer alan 3 elmi jurnalı olan ETN Riyaziyyat və Mexanika İnstitutunun təcrübəsi maraqlıdır”, – deyə rektor qeyd edib.
Daha sonra seminarın məruzəçisi professor Misir Mərdanov geniş təqdimatla çıxış edib. Alim çıxışında yalnız nüfuzlu elmi jurnalın hazırlanması yolları ilə kifayətlənməyərək, eyni zamanda elmi nəşrlərin dünyada və Azərbaycanda tarixi inkişaf mərhələləri, müasir elmi kommunikasiya mexanizmləri barədə də geniş məlumat verib.
Professor Misir Mərdanov qeyd edib ki, elmi jurnalların əsası hələ XVII əsrdə Avropada qoyulub və bu günə qədər həmin jurnallar nəşr olunur. Azərbaycanda isə elmi nəşrçilik ənənələrinin əsasının XIX əsrin sonlarında qoyulduğunu qeyd edən alim son illər bu istiqamətində ciddi irəliləyişlərin müşahidə olunduğunu bildirib.
Təqdimat zamanı alim nüfuzlu elmi jurnalların indeksləşdirildiyi əsas beynəlxalq bazalar – “Web of Science”, “Scopus”, “Google Scholar”, DOAJ və digər platformalar barədə danışıb, bu bazaların hər birinin xüsusiyyətlərini və qəbul meyarlarını izah edib. O, H indeksi, impakt faktor, “cite score”, Q1–Q4 kvartilləri kimi göstəricilərin elmi məqalə və jurnalların nüfuzunu qiymətləndirməkdə əsas kriteriyalar olduğunu qeyd edib.
“Bu göstəricilər təkcə rəqəmlər deyil, eyni zamanda tədqiqatın keyfiyyəti, aktual mövzulara toxunması və elmi ictimaiyyət tərəfindən nə qədər istinad olunması barədə mühüm siqnallardır. Bir universitetin və ya bir ölkənin elmi nüfuzunu artırmaq üçün məhz bu parametrlərə diqqət etmək vacibdir,” – deyə Misir Mərdanov vurğulayıb.
Alim jurnalların müasir tələblərə uyğun təkmilləşdirilməsi üçün praktik tövsiyələr də verib – jurnalın redaksiya heyətinin formalaşdırılması, rəy prosesinin obyektiv təşkili, beynəlxalq müəllif və oxucu auditoriyasının cəlb edilməsi, plagiatla mübarizə, eləcə də jurnalların ingilis dilində dərc olunmasının vacibliyi seminarın əsas müzakirə mövzularından olub.
Seminar sual-cavab və müzakirə sessiyası ilə davam etdirilib. AzMİU əməkdaşları müxtəlif texniki və strateji suallar verərək, universitetdə beynəlxalq standartlara uyğun elmi jurnal yaradılması təşəbbüsləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Seminar iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və AzMİU-nun elmi potensialının gücləndirilməsi, gənc tədqiqatçıların motivasiyasının artırılması, eləcə də universitetdə elmi fəaliyyətin sistemli və keyfiyyətli şəkildə qurulmasına xidmət edən mühüm tədbir kimi dəyərləndirilib.
18:58 10.07.2025
Oxunuş sayı: 829