Yeni ixtisaslaşmalar formalaşıb və bu istiqamətlər üzrə proqramların yenilənməsi qaçılmazdır - Rektor

2024-cü ildə “Azərbaycan Respublikasının Elm və Təhsil
Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndinə əsaslanaraq, elm və təhsil
naziri Emin Əmrullayev ali təhsil proqramlarının yenidən hazırlanması məqsədilə
xüsusi komissiyanın yaradılması ilə bağlı əmr imzalayıb. Bu əmr ali təhsil
sistemində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Komissiyanın əsas missiyası ali təhsil pilləsi üzrə yeni proqramların və ixtisaslaşmaların işlənib hazırlanmasıdır. Qeyd edilməlidir ki, son beş ildə bakalavriat proqramları müəyyən qədər yenilənmiş olsa da, magistratura pilləsində bu sahədə ciddi boşluqlar mövcuddur. Magistr təhsil proqramlarının əksəriyyəti hələ də on beş il əvvəl (sonuncu 2011-ci ildə ətsdiq edilib) hazırlanmış sənədlərə əsaslanır və bu fakt özlüyündə yenilənməyə olan ehtiyacın zəruriliyini göstərir.
Hazırda magistratura səviyyəsində Mədəniyyət ixtisasları üzrə yeni təhsil proqramlarının yaradılması işi davam edir. Mədəniyyət ixtisasları üzrə İşçi qrupun həmsədri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Ceyran Mahmudova Crossmedia.az Analitik İnformasiya Portalına müsahibəsində proses haqqında ətraflı məlumat verdi, suallarımızı cavablandırdı:
— Ceyran xanım, yeni təhsil proqramlarının hazırlanması hansı mərhələləri əhatə edir?
— Elm və Təhsil Nazirliyi tərəfindən mədəniyyət sahəsində
yeni təhsil proqramlarının hazırlanması qarşımıza bir vəzifə kimi qoyulub. Akademik
Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə
və mən bu komissiyanın sədrləri təyin olunmuşuq. Bu bizim qarşımızda böyük məsulliyət
yaradır. Biz də bütün gücümüzlə yeni nəsil təhsil proqramlarının hazırlanmasına
köklənmişik.
İlk mərhələdə biz magistratura səviyyəsində yeni təhsil
ixtisas və ixtisaslaşmalarını müzakirə etdik. Bu mərhələ təxminən üç ay davam
etdi. Ən mühüm yenilik ondan ibarətdir ki, bu sahədə çalışan ali təhsil müəssisələrinin
nümayəndələri ilə yanaşı, əmək bazarının təmsilçiləri də komissiyaya cəlb
olunub. Mehriban xanımın komissiyanın həmsədri kimi təyin olunması da bu
yanaşmanın bir hissəsidir. Əmək bazarının nümayəndələri teatr, kino,
televiziya, nəşriyyat, muzey və digər mədəniyyət sahələrini təmsil olunub.
Komissiya çərçivəsində keçirilən iclaslarda bu sahələrin mütəxəssisləri fəal
iştirak ediblər. Əvvəlcə ixtisaslaşmalar ali təhsil müəssisələrinin ekspertləri
ilə müzakirə olunub, daha sonra bu müzakirələr əmək bazarının nümayəndələri ilə
davam etdirilib. Nəticədə bir sıra yeni ixtisaslaşmalar irəli sürülərək Elm və
Təhsil Nazirliyinə təqdim olunub.
İkinci mərhələdə təhsil proqramlarının bilavasitə məzmunu — təlim nəticələri, magistrlərin səriştələri və digər əsas aspektlər istiqamətlər üzrə müzakirə olunub. Burada biz Mədəniyyət Komissiyasına daxil olan ali təhsil müəssisələri ilə birlikdə müzakirələr aparırıq. Hər müzakirə əvvəlcə konkret istiqamət üzrə aparılır. Məsələn, aktyor sənəti, musiqi, dizayn, təsviri sənət və digər sahələr üzrə ayrı-ayrılıqda fikir mübadiləsi edilir və nəticələr ümumiləşdirilərək Elm və Təhsil Nazirliyinə təqdim olunur. Yeni proqramlar hazırlanarkən əsas diqqət tələbələrin hansı səriştə və bacarıqlara yiyələnməsinə yönəldilir.
— Məsələn, onlar hansı səriştə və bacarıqlardır?
— Hazırlanmaqda olan proqramlar magistratura səviyyəsinə aiddir. Bu proqramlarda təhsil alan şəxslər artıq bakalavr təhsilini başa vurmuş və təhsilin növbəti, daha yüksək mərhələsinə qədəm qoymuş olurlar. Magistr həm də elmi dərəcədir və burada daha kamil və mükəmməl fənlər tədris olunur. Əgər proqram nəzəri əsaslı ikiillik magistraturadırsa, bu zaman tələbələrdən magistr işi yazmaq bacarığı, akademik dürüstlük prinsiplərinə əməl etmək və elmi məqalə hazırlamaq səriştəsi, eyni zamanda, ixtisas üzrə biliklərin daha da dərinləşdirilməsi tələb olunur. İlyarımlıq yaradıcı magistratura proqramlarında isə tələbələrin müvafiq ixtisas sahəsində daha yüksək səviyyədə biliklərə, seçdiyi sənət üzrə daha kamil və mürəkkəb bacarıq və səriştələrə yiyələnmək tələb olunur. Bundan əlavə, ümumi magistratura proqramlarında təhsil alan bütün tələbələr üçün pedaqoji təcrübə mütləqdir. Çünki magistr dərəcəsi alan şəxslər artıq bakalavr səviyyəsində dərs demək hüququna malik olurlar. Bu səbəbdən onlar mütləq pedaqoji təcrübə keçməlidirlər. Ona görə də ixtisas üzrə praktiki tərcübə keçilir. Təcrübə dedikdə, tələbələrin istər bakalavr, istərsə də magistr təhsil aldıqları ixtisas sahəsinə uyğun olaraq müxtəlif mədəniyyət qurumlarında fəaliyyət göstərməsi nəzərdə tutulur. Məsələn, aktyorluq ixtisaslı tələbələr teatrda, rejissorlar isə istiqamətə uyğun olaraq teatrda, kino çəkilişlərində və ya televiziya kanallarında, muzeyşünaslar muzeylərdə, turizm ixtisasıdırsa müxtəlif turizm şirkətlərində və s. təcrübə proqramlarına cəlb olunurlar. Eyni zamanda, tələbələr təhsil müddətində müxtəlif layihələr də icra edirlər ki, onların magistr dərəcəsi aldıqdan sonra həmin layihələri müstəqil şəkildə həyata keçirsinlər və praktiki olaraq onlara iş tapmaq daha asan olsun.
— Bu proqramların uğurla tətbiqi üçün hansı praktiki və metodiki tədbirlər planlaşdırılır?
— Təbii ki, təhsil proqramları yeniləndikdən sonra bu, yeni yanaşmaların tətbiqini də zəruri edir. Çünki artıq yeni ixtisaslaşmalar formalaşıb və bu istiqamətlər üzrə proqramların da yenilənməsi qaçınılmazdır. Bu, artıq növbəti mərhələdə baş verəcək.
— Təhsildə baş verən dəyişiklikləri necə qiymətləndirirsiniz?
— Mənə elə gəlir ki, ali təhsil daim yenilənməlidir.
Təbii ki, biz təhsilimizin təməlini təşkil edən nailiyyətləri qoruyub
saxlamalıyıq. Eyni zamanda, müasir dövrün tələblərinə uyğun yeni yanaşmaları da
mənimsəyərək tədrisdə tətbiq etməliyik. Süni intellektin təhsildə tətbiqi artıq
qlobal miqyasda geniş yayılıb və bir çox sahələrdə istifadə olunmağa başlanıb.
Bizim universitet mədəniyyət və incəsənət sahəsində tədris aparan ali təhsil müəssisələri
arasında ilk dəfə olaraq bu istiqamətdə — incəsənət və süni intellektin əlaqələri
ilə bağlı fənnin tədrisinə başlayıb. Bu, şübhəsiz ki, bir yenilikdir və müasir
dövrün tələblərinə cavab verir. Lakin digər tərəfdən, biz bu fənnin tədrisini
yalnız bir sahə ilə məhdudlaşdırmaq istəmirik — onu bir sıra ixtisaslara da
şamil etməyi planlaşdırırıq. Düşünürük ki, bu proses tədricən həyata keçiriləcək.
İncəsənət sahəsində tədrisin əsas xüsusiyyətlərindən
biri odur ki, tələbə həm klassik ənənələri mənimsəməli, həm də müasir
yanaşmaları dərk etməlidir. Məsələn, əgər tələbə teatrşünasdırsa, o, klassik
teatrı, yunan teatrını, Şekspir dövrünün teatrını, Molyerin yaradıcılığını və
ümumilikdə klassik teatr ənənələrini dərindən bilməlidir. Bu biliklər əsasında
o, müasir dövrə keçid etməli və bu gün teatr sahəsində baş verən yenilikləri
izləməlidir. Hər gün yeni tamaşalar hazırlanır, yeni kompozisiyalar səhnəyə
qoyulur. Teatrda elə yeniliklər baş verir ki, insan heyrətlənməyə bilməz.
Teatrın özü də dəyişir və biz bu dəyişiklikləri tələbələrimizə öyrətməliyik ki,
onlar məzun olduqdan sonra bu yeniliklərdən agah olub yaradıcılıqlarında tətbiq
edə bilsinlər. Digər tərəfdən, bütün məsuliyyəti yalnız təhsil sisteminin üzərinə
yükləmək də doğru deyil. Hər bir tələbə — istər bakalavr, istərsə də magistr səviyyəsində
— öz üzərində işləməli, daim inkişaf etməyə çalışmalıdır. Çünki bütün dünya
biliklərini yalnız ali təhsil müəssisəsindəki dərslərlə əhatə etmək mümkün
deyil. Biz tədris prosesində əsas və prioritet mövzuları təqdim edirik, bundan əlavə
tələbə bu bilikləri genişləndirməli və yenilikləri mənimsəmək üçün mütləq şəkildə
fərdi təşəbbüs göstərməlidir.
—
Bu islahatlar universitetin gələcək inkişaf strategiyasında hansı rol
oynayacaq?
—
Bizim universitetimiz elmi şuramızın qəbul etdiyi strategiya ilə uyğun olaraq
daim inkişaf edir və tədris planlarına mütəmadi şəkildə yenidən baxılır. Yeni fənlər
əlavə olunur, mövcud fənlər isə zamanın tələblərinə uyğun olaraq yenilənir və
ya digərləri ilə əvəz olunur. Biz tədris planlarını təbii ki, təhsil
proqramlarına əsaslanaraq qururuq. Ətraf mühitin və mədəniyyət sferasının dəyişən
tələblərini nəzərə alaraq yeni ixtisaslaşmalar yaradılır və bu da öz növbəsində
yeni fənlərin meydana çıxmasına səbəb olur. Məsələn, pantomima aktyoru
ixtisasını götürək. Əvvəllər universitetimizdə yalnız iki əsas istiqamət mövcud
idi: dram teatrı və kino aktyoru və musiqili teatr aktyoru. Hazırda isə
magistratura səviyyəsində pantomima aktyoru ixtisaslaşmasını irəli sürmüşük və
bu istiqamət artıq qəbul olunub. Bu o deməkdir ki, Azərbaycanda teatr sahəsi
üçün biz yeni nəsil aktyorlar hazırlayırıq. Ümumiyyətlə, pantomima sahəsində
hazırlıq aktyor üçün son dərəcə vacibdir. Gələcəkdə həmin aktyor pantonima
teatrında çalışmasa belə, mimik vasitələrlə, yəni bədən dili və səssiz ifadə ilə
hiss və hadisələri çatdırmaq bacarığı onun peşəkar inkişafı üçün əhəmiyyətlidir.
Mən əminəm ki, gələcəkdə bakalavr səviyyəsində təhsil alan tələbələrimiz də bu
ixtisaslaşmanı seçəcəklər. Hazırda təhsil proqramlarında ilk dəfə olaraq tətbiq
olunan bu və digər yeni istiqamətlər var. AR Mədəniyyət Nazirliyi ilə sıx əlaqələrimiz
var. Onlardan gələn təşəbbüs və istəkləri təhsil prosesində nəzərə alırıq.
—
Mədəniyyət sahəsində təhsil alan tələbələrin beynəlxalq səviyyədə rəqabətə
davamlı olması üçün hansı strategiyalar icra olunur?
—
Azərbaycan mədəniyyəti zəngin ənənələrə malikdir və XX əsrdə sürətli inkişaf
yolu keçib. Bu inkişaf teatr, kino, rəssamlıq və musiqi sahələrində özünü aydın
şəkildə göstərib, bir çox sahələr üzrə mühüm nailiyyətlər əldə olunub. XXI əsrdə
isə biz bu nailiyyətlərə bir baza kimi yanaşaraq, müasir dövrün tələblərinə
uyğun şəkildə yenilənmiş, eyni zamanda klassik ənənələri qoruyub saxlayan mədəniyyət
strategiyasını həyata keçirmək niyyətindəyik. Ümumilikdə, bizim mədəniyyət
strategiyamız dövlətimizin müəyyən etdiyi mədəniyyət strategiyasına əsaslanır.
Bu baxımdan, istər Elm və Təhsil Nazirliyi, istərsə də Mədəniyyət Nazirliyi tərəfindən
irəli sürülən inkişaf proqramlarına əsaslanırıq.
Dövlətimizin, xüsusilə də ölkə başçımızın mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğını daim hiss edirik. Ölkəmizdə daim yeni konsert salonları tikilir, teatrlar əsaslı şəkildə təmir olunur, mədəniyyət və incəsənət xadimləri hər zaman yüksək diqqət və qayğı ilə əhatə olunurlar. Biz, mədəniyyət və təhsil sahəsində çalışan mütəxəssislər olaraq, bu strategiyaya uyğun şəkildə kadrlar hazırlamalıyıq ki, onlar Azərbaycan mədəniyyətini həm ölkə daxilində, həm də beynəlxalq miqyasda layiqincə təmsil edə bilsinlər. Artıq bu istiqamətdə uğurlarımız da var. Belə ki, tələbələrimiz dəfələrlə beynəlxalq festivallarda iştirak edərək yüksək nəticələr göstəriblər. Bu da onu göstərir ki, bizim yetişdirdiyimiz tələbələr kifayət qədər yüksək səviyyədə sənətini mənimsəyib və nümayiş etdiriblər.
- Ceyran xanım, müsahibəyə görə təşəkkür edirik. Sonda mövzu ilə bağlı nəyi əlavə edərdiniz?
- Sonda bir məqamı xüsusi vurğulamaq istərdim: hazırda biz təhsil proqramları üzərində işləyirik və arzu edərdim ki, bu proqramların yenilənməsi mütəmadi olaraq, hər 5 ildən bir həyata keçirilsin. Çünki 5 il əslində uzun müddətdir və bu zaman ərzində həm cəmiyyətimizdə, həm də mədəniyyət və təhsil sahələrində ciddi dəyişikliklər baş verir. Təhsil proqramları elə hazırlanmalıdır ki, bu dəyişiklikləri vaxtında nəzərə ala bilək və onları tədrisə tətbiq edək. Bu, bizim daim aktual və müasir qalmağımız üçün əsas şərtlərdən biridir.
Müsahibəni hazırladı:
Nəzrin Salmanova
11:16 05.07.2025
Oxunuş sayı: 8791