Almaniyada 6 aylıq könüllü hərbi xidmət planı: İş dünyasında narahatlıq artır

Almaniyada gənclərin könüllü və ya məcburi hərbi xidmətə cəlb olunması ilə bağlı hökumətin hazırladığı yeni plan iş dünyasında narahatlığa səbəb olub. İşəgötürənlər, bu addımın mövcud işçi çatışmazlığını daha da ağırlaşdıracağından ehtiyat edirlər.
Rusiyanın Ukraynaya qarşı müharibəsinin üçüncü ilinə qədəm qoyduğu bir vaxtda, NATO ölkələri müdafiə qabiliyyətlərini artırmaq istiqamətində müxtəlif addımlar atırlar.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın da bu çərçivədə əlavə əsgər sayını artırmaq üçün 6 aylıq könüllü hərbi xidmət proqramını həyata keçirməyə hazırlaşdığı iddia olunur.
“Reuters” məlumatına görə, bu plan çərçivəsində iştirakçılara sadə hərbi tapşırıqlarla bağlı 6 aylıq təlim veriləcək. Tamamilə könüllü əsasda həyata keçirilməsi nəzərdə tutulan bu sistemlə hazırda 100 min nəfər olan təlim keçmiş yedək əsgərlərin sayı ikiqat artırıla bilər. Almaniya Müdafiə Nazirliyi isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Almaniyada fəaliyyət göstərən iş dünyası təmsilçiləri, xüsusilə xristian-demokrat və sosial-demokrat koalisiya hökumətinin bu təşəbbüsünü diqqətlə izləyir. The Financial Times"-ın xəbərinə görə, ordu üçün yeni şəxsi heyət cəlbi cəhdləri, işçi qüvvəsi qıtlığı yaşayan şirkətlərdə rəqabət və resurs itkisi narahatlığına səbəb olub.
Almaniyanın ən böyük işəgötürən təşkilatlarından biri olan BDA-nın direktoru Steffen Kampeter bildirib ki, təhlükəsizlik baxımından ordunun gücləndirilməsi vacibdir. Lakin o vurğulayıb:
“Əgər vacib kadrlar bizdən alınarsa, o zaman həftəlik iş saatları, əmək bazarında yarımştat çalışanların daha fəal iştirakı və ümumilikdə iş həyatının uzunluğu kimi məsələlər daha əhəmiyyətli olacaq”.
OECD məlumatlarına görə, Almaniyada işsizlik rekord səviyyədə aşağıdır, eyni zamanda ölkə ən qısa iş saatları ilə tanınır. Hökumət isə iqtisadiyyatı canlandırmaq üçün iş saatlarını artırmağı və kadr çatışmazlığı olan sahələrdə, o cümlədən səhiyyə, təhsil və mühəndislikdə işçi çatışmazlığını aradan qaldırmağı hədəfləyir.
Digər tərəfdən, Münihdə yerləşən Ifo İnstitutunun keçirdiyi tədqiqat da göstərib ki, məcburi hərbi xidmətə qayıtmaq əvəzinə, könüllü hərbi xidmətin cazibədar edilməsi üçün daha çox vəsait ayrılması daha məqsədəuyğundur.
Almaniya Maliyyə Nazirliyi tərəfindən sifariş verilən araşdırma isə məcburi hərbi xidmət modelinin yüksək iqtisadi xərc doğuracağını, gənclərin təhsil və ya iş həyatına gec qoşulmasına səbəb olaraq iqtisadi zərərlər yaradacağını açıqlayıb.
Mədinə Cəlilova
22:05 04.07.2025
Oxunuş sayı: 845