Uzun iş saatlari beynin quruluşunu dəyişir

Cənubi Koreyada aparılan yeni bir tədqiqat uzun saatlarla çalışan insanların beyinlərində struktur dəyişikliklər baş verdiyini üzə çıxarıb. Xüsusilə diqqət, duyğu tənzimlənməsi və qərarvermə funksiyaları ilə bağlı beyin bölgələrində ciddi fərqlər müşahidə olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
2025-ci ilin mayında dərc olunan araşdırmada həftədə 52 saatdan çox işləyən 110 səhiyyə işçisinin beyin MRT görüntüləri təhlil edilib. Nəticələrə görə, uzun saatlarla işləyənlərin beyninin orta frontal girus, superior temporal girus və insula bölgələrində həcm artımı müşahidə olunub. Alimlər bu dəyişikliyin beyinin xroniki stressə qarşı verdiyi uyğunlaşma reaksiyası ola biləcəyini bildirir.
Lakin bu dəyişikliklər hər zaman müsbət nəticələrə gətirmir. Əvvəlki tədqiqatlar da göstərir ki, bu cür beyin dəyişiklikləri depressiya, narahatlıq və travmadan sonrakı stress pozuntuları ilə əlaqələndirilə bilər. Bu səbəbdən alimlər xəbərdarlıq edir: bu dəyişikliklər zəka artımı yox, əksinə emosional tükənmə və idrakın zəifləməsi kimi uzunmüddətli təhlükələrə işarə edə bilər.
Araşdırmanın nəticələri, uzun iş saatlarının yalnız fiziki deyil, neyroloji təsirlərə də yol açdığını sübut edir. Əməkdaşların özlərini qoruması üçün isə mütəxəssislər aşağıdakı strategiyaları tövsiyə edir:
Mütəmadi fasilələr vermək
Yuxu rejiminə diqqət yetirmək
Duyğusal boşalma üçün zaman ayırmaq
Günün sonunda rahatlanma ritualı yaratmaq
Təkcə işlə müəyyən olunmayan kimlik formalaşdırmaq
Alimlər bildirir ki, sistem dəyişikliyi olmadan da fərdi tədbirlər psixi və fiziki sağlamlığın qorunmasında əhəmiyyətli rol oynaya bilər.
Nigar Rəhimova
20:28 23.06.2025
Oxunuş sayı: 813