"Erməniəsilli şəxslərin məhkəmə prosesi beynəlxalq hüquqa tam uyğun şəkildə aparılır" -RƏY

İyun ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər.
Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat verilib. Bildirilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb və onlar ailələrindən bağlamalar alıb.
“Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir”, - məlumatda qeyd olunub.
Bu, Azərbaycandakı erməni cinayətkarları üçün lazımi şəraitin yaradıldığını, həmçinin onların hüquqlarının qorunduğunu göstərir. Ermənistandakı azərbaycanlı əsirlərə qarşı münasibət isə tamamilə fərqlidir. Onların hüquqları məhdudlaşdırılır, inşəngəcələr verilir.
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycanın hər zaman ədalətə və insan hüquqlarına önəm verdiyini bildirib: “Bu, bir daha onu göstərir ki, Azərbaycan daim humanizm prinsiplərinə sadiq olub və dövlətlərarası münasibətlərdə bu dəyərləri əsas tutub. Ermənistan isə tarix boyu bizə qarşı qəddarlığı, vəhşiliyi və qeyri-insani davranışları ilə seçilib. Hazırda Azərbaycanda saxlanılan erməniəsilli şəxslərin məhkəmə prosesi beynəlxalq hüquqa tam uyğun şəkildə aparılır. Ədalət prinsiplərinə əsaslanan məhkəmə prosedurları həyata keçirilir və bu şəxslərin hüquqları tam şəkildə qorunur. Biz bu dəyərlərə hər zaman sadiq qalmışıq və qalacağıq".
Deputat əlavə edib ki, Ermənistanın atdığı addımlar isə insan haqları və beynəlxalq hüquq baxımından ciddi suallar doğurur: “Qərəzli olmayan hər kəs Ermənistanın yeritdiyi siyasəti yaxşı tanıyır. Azərbaycan isə doğru yoldadır və bu prinsiplər əsasında siyasətini davam etdirməlidir".
Zəhra Ağayeva
16:19 19.06.2025
Oxunuş sayı: 1099