Rusiyada hər 100 tikinti şirkətindən üçü iflas prosesindədir
Rusiyada tikinti şirkətlərinin iflası ilə bağlı açılan işlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz artıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Kontur.Fokus” xidmətinin nümayəndələri “RIA Novosti” agentliyinə məlumat veriblər.
Şirkətin statistikasına əsasən, cari ilin ilk doqquz ayında Rusiyanın tikinti sektorunda 1,62 min iflas işi başladılıb. Ən çox iş Moskva şəhərində qeydə alınıb – 455. Sankt-Peterburqda 127, Moskva vilayətində 104, Tatarıstanda 79, Krasnodar diyarında isə 52 belə iş açılıb.
Ən az göstərici Kurqan vilayəti və Çukotka Muxtar Dairəsində qeydə alınıb. Hər iki ərazidə cəmi bir iflas işi başladılıb. Kalmıkiya, Bryansk vilayəti, Buryatiya və Mari El Respublikasında isə hərəsində iki iş qeydə alınıb.
Oktyabrın əvvəlinə olan məlumata görə, Rusiyada tikinti sektoru ilə əlaqəli 8,06 min hüquqi şəxs iflas prosesində olub. Bu, ölkədə fəaliyyət göstərən bütün tikinti şirkətlərinin təxminən 3 faizini təşkil edir.
İflas prosesində olan tikinti şirkətlərinin sayına görə Moskva 2,08 min şirkətlə ilk sıradadır. Moskva vilayətində 667, Sankt-Peterburqda 625, Krasnodar diyarında 367, Tatarıstanda isə 258 şirkət bu prosesə cəlb olunub.
Ən aşağı göstəricilərdən biri Çukotkada qeydə alınıb. Burada cəmi iki tikinti şirkəti iflas edib. Adıgey, Kurqan vilayəti, Tıva Respublikası və Yəhudi Muxtar Vilayətinin hər birində isə üç belə şirkət qeydə alınıb.
15:59 14.10.2026
Oxunuş sayı: 52