İqtisadçı alim Crossmedia-dakı yeni rubrikanın məqsədini açıqladı: "İctimai şüuru formalaşdıracaq"

"Dünya iqtisadiyyatı və Azərbaycan" rubrikası ictimai şüurun formalaşmasında və maarifləndirmədə mühüm rol oynayacaq".
Bunu Crossmedia.az-a açıqlamasında Milli Məclisin dörd çağırış deputatı, professor Rüfət Quliyev müəllifi olduğu adı çəkilən rubrika barədə danışarkən deyib.
O bildirib ki, rubrika çərçivəsində ölkənin sosial-iqtisadi inkişafı, qlobal proseslərin Azərbaycan iqtisadiyyatına təsiri, sahibkarlığın təşviqi və qanunvericilik təşəbbüsləri kimi bir sıra aktual mövzulara toxunulacaq: "Rubrikanın yaradılmasının əsas səbəbi dünyada baş verən iqtisadi proseslər barədə ictimaiyyətə daha obyektiv, daha operativ və analitik məlumatlar təqdim etməkdir. Proseslərin gedişatı, nəticələri və mümkün proqnozları mütəmadi şəkildə izah ediləcək. Artıq bir neçə ildir eyniadlı veriliş rus dilində CBC kanalında yayımlanır. Yeni rubrikanın məqsədi isə bu informasiyaların Crossmedia.az-ın vasitəçiliyi ilə Azərbaycan dilində geniş auditoriyaya çatdırılmasıdır. Bu platformada ən son məlumatlar təqdim olunacaq, eyni zamanda iqtisadi hadisələrə münasibət bildiriləcək".
R.Quliyevin sözlərinə görə, insanlar adətən siyasətə maraq göstərirlər, lakin iqtisadiyyatın əhəmiyyəti daha böyükdür. Bu məqamı əsaslandırmaq üçün o, tarixdən sitat gətirib: “Keçmiş əsrdə ən məşhur insanlardan biri – SSRİ-ni qurucusu Vladimir Lenin deyirdi ki, iqtisadiyyat siyasətin ən yüksək zirvəsidir. Siyasətdə baş verən hadisələrin nəticəsi sonda iqtisadiyyata təsir edir. İqtisadiyyatda baş verən proseslər isə əhalinin, xalqların rifahına birbaşa təsir göstərir. Hazırda dünyanın müxtəlif bölgələrində baş verən müharibələr də bu reallığı təsdiqləyir. Bu gün dünyada təxminən 20 ölkədə müharibə gedir, 85 ölkədə isə potensial münaqişə riskləri mövcuddur. Bütün bu gərginliklər iqtisadi zəifləmə, geriləmə, insanların sosial vəziyyətinin pisləşməsi və rifahın aşağı düşməsi ilə nəticələnir. Hazırda dünya iqtisadiyyatına ən böyük təsiri göstərən hadisələrdən biri İran-İsrail arasında baş verən müharibədir. İran-İsrail müharibəsinin nəticəsində, dünya iqtisadiyyatının konfiqurasiyası dəyişəcək, hətta dəyişildi və bu dəyişiklik prosesi daha da kəskinləşəcək. Bu münaqişə enerji resurslarının – qaz və neftin qiymətlərinə birbaşa təsir göstərib. Hər iki ölkənin iqtisadiyyatı iflic vəziyyətinə düşə bilər və bu, qonşu dövlətlərə də mənfi təsir göstərəcək".
Professor qeyd edib ki, Azərbaycan bu müharibə zonasına çox yaxın məsafədə yerləşir: “İran-İsrail müharibəsi düz Azərbaycanın sərhədlərində baş verir. Bu isə kifayət qədər problem yaradır – nəqliyyat, logistika sahəsində çətinliklər artır. Belə müharibələr qiymət artımına və inflyasiyaya yol açır. İstehsal üçün lazım olan məhsulların bir hissəsi xaricdən gətirildiyi üçün bu məhsulların maya dəyəri yüksələcək. Bu da istehlak qiymətlərinə təsir edəcək.
İndiyə qədər Azərbaycan inflyasiyanı 3,5-5,5 faiz civarında saxlaya bilib. Lakin baş verənlər bu göstəricilərin dəyişməsinə səbəb ola bilər. Enerji resurslarının bahalaşması ilkin mərhələdə müsbət iqtisadi siqnallar versə də, uzunmüddətli dövrdə mənfi təsirlər üstünlük təşkil edəcək. İran ərazisində 30 milyondan çox azərbaycanlı yaşayır və müharibə vəziyyəti onların bir qisminin Azərbaycana üz tutmasına səbəb ola bilər. Varlı təbəqə adətən Ərəb ölkələrinə və ya Avropaya miqrasiya edir, lakin imkanı olmayanlar Azərbaycanda sığınacaq tapmağa çalışacaq.
Bu hal müəyyən sayda insan üçün qəbul edilə bilsə də, yarım milyon və ya yüz mindən çox insanın gəlməsi büdcəyə ciddi yük yarada bilər. Bu insanların yerləşdirilməsi və məşğulluqla təmin olunması böyük problemlər yaradacaq.
R.Quliyev əlavə edib ki, bütün bu təhlükələri nəzərə alaraq, Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması düzgün və müdrik qərar olub: “Əgər bu quru sərhədlər bağlı olmasaydı, artıq dəfələrlə dalğa formasında ölkəyə qaçan insanların qabağını almaq mümkün olmayacaqdı. Bir sözlə, bu rubrikanın məqsədi yalnız məlumat vermək deyil, eyni zamanda fikir mübadiləsi aparmaq və ictimai düşüncəyə töhfə verməkdir. Oxucuların sualları və təklifləri hər zaman nəzərə alınacaq və onlara cavab veriləcək.
Alim bu rubrikanın cəmiyyətin müxtəlif təbəqələri üçün faydalı olacağı və uğurlu layihəyə çevriləcəyini ümid etdiyini bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Crossmedia.az saytı bu layihəyə start verib.
Fatimə Nəbiyeva
15:15 19.06.2025
Oxunuş sayı: 1061