İsrail Prezidenti İranın hospitala raket hücumunu pislədi

İsrail Prezidenti İsxak Hersoq İranın bu gün səhər saatlarında həyata keçirdiyi raket hücumu nəticəsində Bеer-Şeva şəhərində yerləşən “Soroka” Tibb Mərkəzinin hədəfə alınmasına münasibət bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı sosial şəbəkə hesabında yaydığı açıqlamada hücumu sərt şəkildə qınayıb.
“Reanimasiyada olan körpə, onun yanında dayanan ana, bir çarpayıdan digərinə tələsən həkim, yaşlı pasiyent – bu gün səhər İranın İsrailin mülki əhalisinə qarşı həyata keçirdiyi raket hücumunun hədəfində məhz bu insanlar olub”, – deyə Hersoq vurğulayıb.
Prezident qeyd edib ki, “Soroka” xəstəxanası İsrailin ən nüfuzlu tibb müəssisələrindən biridir və bütün Nеqеv bölgəsinə xidmət göstərir. Onun sözlərinə görə, burada yalnız israillilər deyil, eyni zamanda müalicə məqsədilə müraciət edən fələstinlilər də qəbul edilir:
“Yəhudi və ərəblərdən ibarət fədakar tibbi heyət burada çiyin-çiyinə, harmoniya şəraitində çalışır. Onları birləşdirən ortaq məqsəd – insan həyatını xilas etməkdir”.
İ.Hersoq əlavə edib ki, bu kimi hücumlar cəmiyyətin hansı dəyərləri qorumağa borclu olduğunu bir daha aydın şəkildə ortaya qoyur.
Aybəniz Səfərova
12:45 19.06.2025
Oxunuş sayı: 814