Netanyahunun daxili siyasi hesabı: “Müharibə ilə uçurumun kənarından xilas oldu”

İsrailin İranla başlatdığı hərbi əməliyyatların altıncı günündə baş nazir Benyamin Netanyahunun bu qərarı niyə indi verdiyi sualları gündəmdə saxlayır.
Crossmedia.az xəbər verir ki, ABŞ mediası, xüsusilə CNN International, İran hücumunun İsrail parlamentində müxalifətin təqdim etdiyi buraxılma təklifinin rədd edilməsindən cəmi 24 saat sonra başladılmasına diqqət çəkir.
CNN-in analizində bildirilir ki, “İsrailin ən böyük düşməni ilə mübarizə Netanyahunun siyasi problemlərini dərhal arxa plana keçirdi” və Netanyahu “ölkənin daxili siyasətində yenidən tam nəzarəti ələ aldı”. Analizdə həmçinin qeyd olunur ki, İsrailin ən uzun müddət vəzifədə olan baş naziri bu qərarı ilə “özünü uçurumun kənarından geri çəkib”.
İsrailin “Yüksələn Aslan” adlandırdığı əməliyyatdan bir gün əvvəl Netanyahunun koalisiya hökuməti parlamentdə etimadsızlıq səsverməsi ilə üz-üzə qalmışdı. Lakin koalisiyanın Ultra Ortodoks (Haredi) qanadı müxalifətin təqdim etdiyi parlamentin buraxılması təklifinə dəstəyini geri çəkdi və layihə 61 əleyhinə, 53 lehinə səslə rədd edildi. Cəmi bir gün sonra isə İsrail İrana hücuma başladı.
CNN-in məlumatına görə, Netanyahunun koalisiyasında yer alan bir rəsmisi bu addımı “Churchill anı” kimi xarakterizə edib. Qeyd olunur ki, Netanyahu bu qərarla ABŞ-ni də İranla qarşıdurmaya cəlb etməyə çalışır. Rəsmilər bildirirlər ki, Netanyahu “uğurlu hərbi əməliyyatın siyasi nəticələrinin tam fərqindədir” və “bu əməliyyatın gələcəkdə özünə siyasi divident gətirəcəyinə inanır”.
Eyni zamanda, baş nazirin korrupsiya işi də hazırda gündəmdən çıxmış vəziyyətdədir. İctimai etirazlar, atəşkəs və girov razılaşması tələbləri fonunda İsrail daxilində geniş toplaşmalar qadağan edilib.
İsrail Demokratiya İnstitutunun direktoru Yohanan Plesner isə qeyd edir ki, İran hücumunun Netanyahuya siyasi baxımdan uzunmüddətli qazanc gətirib-gətirməyəcəyi hələlik bəlli deyil. Son aylarda keçirilən sorğularda Netanyahu rəqibi Naftali Bennettdən geri qalırdı və bu mövzu Plesnerə görə, cəmiyyətin həm sol, həm də sağ qanadında geniş razılıq tələb edən bir məsələ olaraq qalır.
Mədinə Cəlilova
23:55 18.06.2025
Oxunuş sayı: 740