Günəş əleyhinə kremlər təhlükəlidirmi? - ARAŞDIRMA

Günəş əleyhinə kremlər dərini zərərli ultrabənövşəyi şüalardan qorumaq üçün nəzərdə tutulub, lakin bəzi iddialar bunun əksini söyləyir. Bəziləri onların təsirsiz olduğunu, bəziləri isə tərkibindəki kimyəvi maddələrin hətta dəri xərçənginə səbəb ola biləcəyini bildirir.
Harvard Tibb Məktəbinin dermatologiya üzrə dosenti və Brigham Qadınlar Xəstəxanasının Melanoma Risk və Profilaktika klinikasının həmsədri Dr. Jennifer Lin günəş qoruyucularını iki əsas növə ayırır: fiziki və kimyəvi qoruyucular.
1. Fiziki günəş qoruyucuları ultrabənövşəyi şüaları əks etdirərək dərini qoruyur. Tərkibində əsasən sink oksid və titan dioksid olan bu kremlər dəri səthində qalaraq fiziki bir maneə yaradır. Həssas dəriyə sahib olanlar üçün daha fiziki qoruyucular daha uyğundur.
2. Kimyəvi qoruyucular günəş şüalarını udaraq dərini qoruyur. Onların tərkibində avobenzon, oksibenzon, oktisalat və oktilkrolen kimi maddələr var. Kimyəvi kremlər tez-tez dəriyə nüfuz etdiyi üçün onların təhlükəsizliyi daha çox araşdırılır.
Son illərdə kimyəvi qoruyucular, xüsusilə oksibenzon, mübahisəli mövzuya çevrilib. Bəzi araşdırmalar onun hormon pozucu təsir göstərə biləcəyini iddia edir. Bununla belə, insan sağlamlığına ciddi təsir etdiyini sübut edən elmi araşdırmalar yoxdur.
Əgər siz oksibenzon tərkibli günəş kremlərindən çəkinirsinizsə, belə, bu kimyəvi maddəyə digər məhsullarda — plastik, saç spreyi və dırnaq lakı kimi — rast gələ bilərsiniz.
Elmi araşdırmalar göstərir ki, günəş kremləri skvamoz hüceyrəli karsinoma, bazal hüceyrəli karsinoma və melanomaya qarşı effektiv qoruma təmin edir. Günəş şüalarına uzunmüddətli məruz qalma dəri xərçənginin inkişafında əsas risk amillərindən biridir. Mütəmadi olaraq günəşdən qoruyucu vasitələrdən istifadə etmək dərinin sağlamlığını qorumağa və xərçəng riskini azaltmağa kömək edir.
Skvamoz hüceyrəli karsinoma dərinin orta və xarici qatlarında yaranır və əsasən günəşə uzun müddət məruz qalan nahiyələrdə inkişaf edir. Avstraliyada aparılmış “Nambour Skin Cancer Study” tədqiqatı göstərib ki, dörd il ərzində SPF 15 günəş kreminin müntəzəm istifadəsi bu xərçəng növünün rastgəlmə tezliyini 40 faiz azaldır.
Bazal hüceyrəli karsinoma dərinin ən dərin qatında yerləşən hüceyrələrdən əmələ gəlir, yavaş inkişaf edir və metastaz ehtimalı çox aşağıdır. Bu xərçəng növü əsasən genetik faktorlarla əlaqəli olsa da, günəş şüalarına qarşı qorunma onun inkişaf riskini məhdud şəkildə azalda bilər.
Melanoma isə dərinin piqment hüceyrələrində yaranan ən aqressiv xərçəng növüdür. Günəş şüalarına çox məruz qalmaq melanoma riskini artırır, lakin genetik və digər amillər də bu xəstəliyin inkişafında mühüm rol oynayır.
2011-ci ildə “Journal of Clinical Oncology”də dərc olunan Green AC, Williams GM, Logan V və Strutton GM-in “Reduced Melanoma After Regular Sunscreen Use: Randomized Trial Follow-Up” adlı randomizə olunmuş araşdırmasında Avstraliyada yaşayan 1 621 nəfər iki qrupa bölünüb. Bir qrup 4,5 il hər gün SPF 15 geniş günəş kremi çəkib, digəri isə kremi yalnız lazım bildikdə istifadə edib. 14 illik izləmə nəticəsində gündəlik krem çəkən qrupda cəmi 11 melanoma hadisəsi, kremi yalnız lazım bildikdə istifadə edən qrupda isə 22 hadisə qeydə alınıb. Araşdırma göstərir ki, SPF 15 və ya daha yüksək günəş kremini hər gün sürtmək melanomaya tutulma riskini yarıya endirir.
Dermatoloqlar geniş spektrli SPF 30 və daha yüksək qoruyucu faktoruna malik günəş kremlərinin istifadəsini tövsiyə edirlər. Günəşdən effektiv qorunma dəri xərçənginin qarşısını almaqda vacib addımlardan biridir və bu istiqamətdə aparılan elmi araşdırmalar günəş kremlərinin qoruyucu təsirini davamlı şəkildə sübut edir.
Günəş kremlərinin zərərli olması ilə bağlı iddialara gəldikdə, nanohissəciklərin təhlükəsi də araşdırılıb.
Nanohissəciklər mikronizasiya, yəni bərk maddələrin hissəciklərini xırdalayıb mikrometr (bəzən nanometr) ölçüsünə qədər kiçiltmək prosesi ilə hazırlanır. Mikronlaşdırılmış günəş qoruyucuları əvvəlki ağır, ağ örtüklü formulalardan fərqli olaraq dəridə rahat yayılır və görünməz olur.
2011-ci ildə “Toxicological Sciences” jurnalında Monteiro-Riviere və həmkarları “Safety Evaluation of Sunscreen Formulations Containing Titanium Dioxide and Zinc Oxide Nanoparticles in UVB Sunburned Skin” adlı bir tədqiqat dərc etdilər. Araşdırmada TiO₂ və ZnO nanohissəcikli kremlər həm normal, həm də günəş yanığı olmuş dəriyə tətbiq olunub. Hissəciklər yalnız dəri səthinin üst qatlarında qalıb, qana və ya daxili orqanlara keçmədiyi müşahidə edilib. Sadə dillə desək, bu nanohissəciklər dəridə dərinliyə keçmədiyi üçün orqanizmə zərər vermə ehtimalı çox azdır.
Günəş kremlərinin D vitamini sintezinə təsiri də müzakirə olunan mövzular arasındadır. UVB şüaları dəridə D vitamini istehsalına kömək edir, lakin günəş kremləri bu şüaları bloklayır. Çoxsaylı tədqiqatlar göstərir ki, əksər insanlar tövsiyə olunan miqdardan daha az günəş kremi tətbiq etdikləri üçün D vitamini çatışmazlığı yaşamırlar. Bəzi ekspertlər günəş kremi çəkməzdən əvvəl qısa müddət günəşdə olmaq tövsiyəsini versə də, bunun vacibliyi barədə fikir ayrılıqları mövcuddur.
Günəş kremlərinin təkbaşına günəşdən qorunma üçün kifayət edəcəyi fikri yanlışdır. Araşdırmalar göstərir ki, yüksək SPF çəkən bəzi insanlar “yanmaram” deyə düşünərək günəş altında daha uzun qalırlar. Bu isə dərinin aldığı UV dozasını artırır.
Bəs, günəşdən düzgün qorunmaq üçün nə etməliyik?
Günəş şüaları saat 11:00–16:00 arası ən güclüdür. O saatlarda ya çöl işlərini tezləşdirmək, ya da kölgəyə çəkilmək lazımdır. Günəş kremi küçəyə çıxmazdan 20 dəqiqə əvvəl çəkilməli və hər 2 saatdan bir yenilənməlidir.
Günəşli havada geniş kənarlı papaq və gün eynəyindən istifadə etmək tövsiyə olunur.
Mütəmadi SPF istifadəsi, fiziki qorunma tədbirləri və dərinin müntəzəm nəmləndirilməsi günəş yanığını, vaxtından əvvəl qocalmanı və dəri xərçəngi riskini azaltmağa kömək edir.
Nəzrin Salmanova
14:56 11.06.2025
Oxunuş sayı: 1051