Azərbaycan Prezidenti: Qazaxıstanla əlaqələrimizin hazırkı səviyyəsi məmnunluq doğurur

Qardaş ölkə və etibarlı strateji tərəfdaşımız olan Qazaxıstanla əlaqələrimizin hazırkı səviyyəsi məmnunluq doğurur. İkitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi gündən-günə genişlənir və yeni məzmunla zənginləşir. Eyni zamanda, ikitərəfli müstəvidə olduğu kimi, çoxtərəfli əsasda da vacib məsələlərin həlli istiqamətində ölkələrimizin birgə fəaliyyəti və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyi təqdirəlayiqdir.
Crossmedia.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanmasının 20 illiyi münasibətilə ünvanlandığı məktubda yer alıb.
Dövlətimizin başçısı qeyd edib ki, bu sənəd Azərbaycan-Qazaxıstan əlaqələrinin tarixində yeni səhifə açaraq əməkdaşlığımızı daha da möhkəmləndirib. Dövlətlərarası əlaqələrimizin strateji mahiyyətini özündə əyani şəkildə əks etdirən bu tarixi sənəd bütün səviyyələrdə fəal siyasi dialoqun inkişafına, iqtisadi, ticari, humanitar və digər sahələrdə səmərəli tərəfdaşlığın genişləndirilməsinə əlverişli zəmin yaradıb.
“İnanıram ki, xalqlarımızın qardaşlığı, ortaq tarixi-mədəni kökləri, mənəvi dəyərləri kimi sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Qazaxıstan ənənəvi dostluq əlaqələri və strateji tərəfdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
14:00 03.06.2025
Oxunuş sayı: 2276