İqtisadiyyat naziri Londonda bir sıra görüşlər keçirib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İllik Toplantısında iştirak etmək üçün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfər edib. Səfər çərçivəsində Londonda bir sıra görüşlər keçirilib.
Crossmedia.az Nazirliyə istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov AYİB-nin prezidenti Odil Reno-Basso ilə görüşüb. Görüşdə Azərbaycanın bankla əlaqələrin inkişafına önəm verdiyi, AYİB-lə birgə həyata keçirilən layihələr üzrə qabaqcıl təcrübənin və texnoloji yeniliklərin ölkəmizdə tətbiqinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Avropa İttifaqı ilə müxtəlif proqram və layihələr üzrə tərəfdaşlıq müasir yanaşmaların tətbiqi, yaşıl və rəqəmsal inkişafa keçidin sürətləndirilməsi baxımından mühümdür. Görüşdə əməkdaşlığın prioritetləri, yaşıl enerji və infrastruktur layihələrinin icrası, dayanıqlı iqtisadiyyata keçiddə birgə fəaliyyətin gücləndirilməsi barədə müzakirələr aparılıb.
Moldova Baş nazirinin müavini, iqtisadi inkişaf və rəqəmsallaşma naziri Doina Nistorla görüşdə ölkələrimiz arasında iqtisadi münasibətlərin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, investisiya, ticarət, energetika və digər istiqamətlər üzrə faydalı işbirliyinin inkişafı üçün böyük imkanlar var. Tərəflər iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərini nəzərdən keçiriblər.
Mikayıl Cabbarov AYİB-nin İllik Toplantısı çərçivəsində görüşdə bankın birinci vitse-prezidenti kimi fəaliyyət müddəti başa çatmaqda olan Yurgen Rigterinkə əlaqələrin inkişafına verdiyi töhfələr üçün təşəkkür edib, bu vəzifəyə yeni təyin edilən Qreq Quyetə fəaliyyətində uğurlar arzulayıb. Görüşdə bankla tərəfdaşlığın önəmi qeyd olunub, Azərbaycan iqtisadiyyatının diversifikasiyası və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün atılan addımlar vurğulanıb.
Misirin planlaşdırma, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri Raniya əl-Məşatla görüşdə ölkəmizin Misirlə iqtisadi əlaqələrin şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, ticarət və investisiya tərəfdaşlığın əsas istiqamətlərindəndir. Ölkəmizdə Misir investisiyalı kommersiya qurumlarının sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat, xidmət və digər sahələrdə aktiv fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Tərəflər biznes dairələri arasında işgüzar münasibətlərin təşviqi məqsədilə birgə institusional mexanizmlərin və platformaların yaradılması, eləcə də, enerji, KOB, sənaye, infrastruktur, nəqliyyat-logistika və s. sahələr üzrə qarşılıqlı fəaliyyətin təşviqi imkanlarını dəyərləndiriblər.
Avropa İnvestisiya Bankının direktoru Lionel Rapay ilə görüşdə ölkəmizin bankla uzunmüddətli əməkdaşlığa önəm verdiyi vurğulanıb. Bildirilib ki, bankla infrastruktur, rəqəmsal inkişaf və digər sahələr üzrə səmərəli tərəfdaşlıq münasibətləri mövcuddur.
Görüşdə biznes subyektlərinə dəstək, infrastruktur layihələri çərçivəsində işbirliyi və birgə fəaliyyətin səmərəliliyinin artırılması imkanları haqqında fikir mübadiləsi aparılıb.
18:25 14.05.2025
Oxunuş sayı: 521