Prezident İlham Əliyevin Qarabağ səfəri: sosial, mədəni və iqtisadi dirçəlişin yeni mərhələsi

Mayın ilk günlərində Prezident İlham Əliyevin Ağdam, Şuşa və Xocalıya etdiyi növbəti səfər bir daha sübut etdi ki, Qarabağ təkcə azad edilmiş torpaq deyil – bu, Azərbaycanın iqtisadi və siyasi suverenliyinin canlı təcəssümüdür. Səfər çərçivəsində açılışı edilən sosial və infrastruktur obyektlər, verilən mesajlar və atılan strateji addımlar bir daha Qarabağ iqtisadiyyatının təkamül yoluna qədəm qoyduğunu göstərdi.
Bu hadisələri sadəcə iqtisadçı gözü ilə izləmək kifayət etmir. Mən ailəmlə birlikdə 1993-cü ildə Ermənistan tərəfindən Füzuli rayonunun işğalı zamanı doğma yurdumu tərk etmək məcburiyyətində qaldım. Bu torpaqların hər qarışı mənim üçün yalnız statistik göstərici deyil – həm də yaddaşımın, həyatımın ən real parçalarıdır. Bu səbəbdən, Prezidentin Ağdamda, Kəngərli kəndində yeni evləri köçkün ailələrə təqdim etməsini müşahidə etmək məni eyni zamanda həm bir mütəxəssis, həm də bir insan olaraq düşündürdü: bu gün nəyi bərpa edirik? Sadəcə fiziki məkanı, yoxsa qürurumuzu, ümidlərimizi, milli yaddaşımızı? Həm də görürük ki, qayıdış sadəcə yaşayış yeri ilə deyil, əmək, xidmət və investisiya imkanları, iqtisadi sistem quruculuğu ilə mümkün olur. Ağdam Muğam Mərkəzi, məktəb və klub-icma mərkəzinin, ümumilikdə digər bu tipli mədəniyyət ocaqların açılması mədəni və şəhər həyatının yenidən qurulmasında sosial dinamikanı da hərəkətə gətirir. Bu sosial dinamika isə zamanla iqtisadi fəallığa çevrilir.
Prezidentin Şuşa səfərində yeni yaşayış kompleksinin təməlqoyma mərasimi, eləcə də Müalicə-Sağlamlıq Mərkəzinin açılması bölgənin yalnız məskunlaşdırılmadığını, həm də insani kapitalın bərpasına yönəldiyini göstərir. Burada diqqətçəkən məqam budur ki, Qarabağda formalaşdırılan məskunlaşma siyasəti keyfiyyətli həyat üçün strukturlaşdırılmış və mərhələli modeldir.
Xocalıda istifadəyə verilən “Xocalı” yarımstansiyası və yaradılan heyvandarlıq kompleksi isə artıq mikroiqtisadi fəaliyyətin dirçəlişini göstərir. Prezidentin “Biz burada heç kimə möhtac olmadan yaşayırıq və yaşayacağıq” fikirləri təkcə qürur bəyanatı deyil, həm də iqtisadi strateji azadlığın təməl fəlsəfəsidir. Qarabağ modelində xarici donor asılılığı yoxdur – yerli resurslara və intellektual bazaya əsaslanan inkişaf nəzərdə tutulur.
Bu yanaşmanın xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, Qarabağda paralel və sinxron iqtisadi sahələr yaradılır – kənd təsərrüfatı ilə yanaşı enerji infrastrukturu, səhiyyə ilə yanaşı turizm potensialı, təhsil ilə yanaşı biznes mühiti formalaşdırılır. Mərkəzsizləşdirilmiş bu model müasir iqtisadiyyatın davamlılıq prinsipinə tam uyğundur və gələcəkdə Qarabağın regionda lokal iqtisadi mərkəz kimi çıxış etməsinə zəmin yaradır. Bu model davamlı şəkildə inkişaf etdirildikcə, Qarabağın təkcə dirçəlmiş torpaq yox, regional iqtisadi cazibə mərkəzinə çevriləcək.
Bu məqamda bir sual təbii olaraq ortaya çıxır: biz bu modeli hansı düşüncə ilə qururuq? Prezidentin Qarabağ səfərlərində dəfələrlə vurğuladığı “Azərbaycan təkcə döyüş meydanında yox, bərpa və quruculuqda da qalib gələcək” fikri bu strategiyanın ideoloji əsasını təşkil edir. Bu, iqtisadi dirçəlişi sadəcə maliyyə deyil, mənəvi məsələ kimi görən bir yanaşmadır.
Əlbəttə, bu prosesdə risklər, çətinliklər, təkmilləşdirilməsi gərəkən sahələr də var. Amma bu səfərlərdə görünən əsas fikir – Azərbaycan öz modeli ilə öz torpaqlarını dirçəldir – bu gün reallıqdır. Təkcə dövlət vəsaiti deyil, həm də milli iradə və elmi planlamanın birgə nəticəsidir bu inkişaf.
Mənim üçün bu yazının hər sətiri xatirələrlə və gələcəyə ümidlərlə yazılıb. Bizim nəsil 30 ildən çoxdur ki, gələcəkdə “Qayıdacağıq” deyəndə bəlkə də fiziki dönüşü nəzərdə tuturdu. Bu gün isə “Qayıdış” artıq dirçəliş və inkişaf deməkdir; Qarabağ bu gün sadəcə ərazi deyil, Qarabağ – Azərbaycan iqtisadiyyatının və suverenliyinin yeni mərhələsinin başlanğıc nöqtəsidir.
Aqil Eyvazov
iqtisad üzrə fəlsəfə doktoru, dosent
13:28 12.05.2025
Oxunuş sayı: 1359