Putin: Ukraynada üçüncü dəfə atəşkəs elan edirik

Rusiya Prezidenti Vladimir Putin Ukraynada üçüncü dəfə atəşkəs elan etdiklərini açıqlayıb. O, sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini bildirib.
Crossmedia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskvada keçirilən mətbuat konfransında çıxış edən Putin Ukrayna ilə 15 may tarixində İstanbulda qeyri- şərtsiz birbaşa danışıqların yenidən başlanmasını təklif etdiyini bildirib. Türkiyənin Rusiya-Ukrayna danışıqlarının təşkilindəki roluna diqqət çəkən Rusiya lideri, sabah Prezident Ərdoğanla görüş keçirəcəyini deyib. “Sabah cənab Prezident Ərdoğanla görüşümüz olacaq. Ondan Türkiyədə danışıqlar üçün imkan yaradılmasını xahiş edəcəyəm. Ümid edirəm ki, Ukraynada sülh axtarışına töhfə vermək istəyini təsdiqləyəcək. Ukrayna ilə ciddi danışıqlar aparmaqda qərarlıyıq”,– deyə Putin vurğulayıb.
Putin, sülh naminə Türkiyənin böyük səylər göstərdiyini qeyd edərək, “Kiyevə 15 mayda danışıqların İstanbulda başlamasını təklif etdim. Ərdoğana da görüşmək üçün Türkiyəyə getməyə hazır olduğumu bildirdim”, – deyib. O, İstanbul danışıqlarının müharibəni daimi şəkildə bitirmək məqsədilə aparılmalı olduğunu vurğulayıb. Danışıqların əsas məqsədinin müharibəyə səbəb olan amillərin aradan qaldırılması olduğunu qeyd edən Putin, “Artıq qərar Ukraynanındır”,– deyə əlavə edib. O, Kiyev rəhbərliyini 2022-ci ildəki atəşkəs danışıqlarını pozmaqda ittiham edib.
Putin 7 mayı 8 maya, 10 mayı isə 11 maya birləşdirən gecə yarısından etibarən atəşkəs elan etdiklərini açıqlamışdı. Lakin Ukrayna, Rusiyanın atəşkəsə baxmayaraq hücumlarını davam etdirdiyini iddia edib. Rusiya Müdafiə Nazirliyi də Ukraynanın hücumlarının davam etdiyini bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiyanın atəşkəs elanından sonra 9 May “Qələbə Günü” münasibətilə Rusiyada keçiriləcək hərbi paradda iştirak edəcək xarici qonaqlara təhlükəsizlik zəmanəti verə bilməyəcəklərini bəyan edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Kiyev rəhbərliyinin dünya liderlərini açıq şəkildə hədələdiyini bildirib.
Mədinə Cəlilova
09:20 11.05.2025
Oxunuş sayı: 1616