Elm Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən bu layihələr ölkədə elmin inkişafına mühüm töhfələr verir - MÜSAHİBƏ

"İşğaldan azad olunmuş ərazilərdəki kəhrizlərin monitorinqi və bərpasının elmi əsaslarının işlənməsi" layihəsi "Qarabağ-Azərbaycandır!-2" qrant müsabiqəsi çərçivəsində seçilmiş və Azərbaycan Elm Fondu tərəfindən maliyyələşdirilməsi məqsədəuyğun hesab edilən layihələr sırasındadır.
Azərbaycan Elm Fondu tərəfindən dəstəklənən və maliyyələşdirilən elmi-tədqiqat layihəsinin rəhbəri, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev Crossmedia.az-a layihənin məzmunu, məqsədi və alınan nəticələr barədə geniş müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik:
Cəbrayıl, Füzuli və Ağdam rayonları də münbit torpaq və yeraltı su ehtiyatlarına malik olmaları ilə seçilir
- Layihənin əsas məqsədi nədir?
- Layihənin əsas məqsədi – işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl, Füzuli və Ağdam rayonlarında yerləşən qədim kəhriz sistemlərinin monitorinqini aparmaq, onların mövcud vəziyyətini və bərpa potensialını tədqiq etmək, bu hidrotexniki qurğulardan istifadənin ölkə iqtisadiyyatı və su təsərrüfatı üçün verə biləcəyi faydaları elmi və iqtisadi baxımdan əsaslandırmaqdır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi bərpa və yenidənqurma proqramları çərçivəsində təbii ehtiyatların, xüsusilə su resurslarının dayanıqlı və məqsədyönlü idarə olunması prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bu regionlar – Cəbrayıl, Füzuli və Ağdam rayonları – həm aqrar-iqtisadi baxımdan əlverişli iqlim şəraitinə, həm də münbit torpaq və yeraltı su ehtiyatlarına malik olmaları ilə seçilir. Lakin 30 ildən artıq davam edən işğal dövründə bu ərazilər baxımsızlıq, antropogen təsirlər və məqsədli dağıntılar nəticəsində ciddi ekoloji deqradasiyaya uğrayıb. Kəhrizlərin müasir dövrdə yenidən aktuallaşmasının əsas səbəbi onların çoxfunksiyalı xarakteridir. Bir tərəfdən, onlar qədim su mühəndisliyi və xalq biliklərinin parlaq nümunəsi kimi mühüm mədəni və tarixi irs abidələri hesab olunur. Digər tərəfdən isə, praktiki baxımdan – xüsusilə dağətəyi və su mənbələrindən uzaq ərazilərdə – kəhrizlər enerji və texniki baxımdan sərfəli alternativ su təminatı forması olaraq çıxış edir. Onlar istismar zamanı nə enerji sərfi tələb edir, nə də əlavə mexaniki qurğulara ehtiyac duyur. Bu da onları ekoloji və iqtisadi baxımdan üstün edir. Kəhrizlərin mühüm üstünlüklərindən biri də onların yeraltı sularla əlaqəli olmasıdır. Yeraltı sular səth sularına nisbətən daha sabit və çirklənməyə az məruz qalan resurslardır. Bu xüsusiyyət kəhriz sularının həm içməli, həm də suvarma məqsədilə istifadəsini daha təhlükəsiz və dayanıqlı edir. Beləliklə, kəhrizlər su qıtlığının qarşısının alınmasında əhəmiyyətli bir həll yolu olmaqla yanaşı, həm də ekosistemlərin mühafizəsi, yeraltı su resurslarının tənzimlənməsi və kənd təsərrüfatında məhsuldarlığın artırılması baxımından vacib bir strateji vasitə olaraq qiymətləndirilə bilər. Nəticə etibarilə, işğaldan azad edilmiş ərazilərdəki kəhrizlərin monitorinqi və onların bərpa imkanlarının qiymətləndirilməsi təkcə bir infrastruktur layihəsi deyil, həm də ekoloji təhlükəsizlik, mədəni irsin qorunması və dayanıqlı inkişafın təmin olunması baxımından strateji əhəmiyyət daşıyan bir elmi-tədqiqat istiqamətidir.
Su resurslarının səmərəli idarə olunması prioritet məsələlərdən birinə çevrilib
- Su ehtiyatlarının bərpasında və təkrar istifadəsində kəhrizlərin rolu nədən ibarətdir?
- Müasir dövrdə iqlim dəyişmələri, su ehtiyatlarının çatışmazlığı və ekosistem balansının pozulması fonunda su resurslarının səmərəli idarə olunması prioritet məsələlərdən birinə çevrilib. Bu baxımdan, kəhrizlər Azərbaycanın arid və yarımarid bölgələrində su ehtiyatlarının bərpası və təkrar istifadəsi baxımından strateji əhəmiyyət daşıyan ənənəvi və ekoloji cəhətdən davamlı su təminatı sistemləridir. Kəhrizlər enerji tələb etməyən və ekosistemin balansını pozmayan strukturlar olaraq, yeraltı suların təbii axını ilə səthə çıxmasını mümkün edir. Bununla da, suyun dövriyyəsini davam etdirir, su çatışmazlığı olan regionlarda bu suyun təkrar istifadəsini təmin edir. Bu xüsusiyyətlər kəhrizlərin su ehtiyatlarının bərpası və davamlı istifadəsi baxımından vacibliyini göstərir.
Bu regionun ekosistem sabitliyinin qorunmasına və kənd təsərrüfatının inkişafına böyük töhfə verir
- Layihədən gözlənilən yeniliklər və nəticələr nədən ibarətdir?
- İşğaldan azad edilmiş ərazilərdə aparılan elmi araşdırmaların nəticələri, uzun müddət baxımsız qalmış və müharibənin mənfi təsirlərinə məruz qalmış kəhrizlərin hidrogeoloji və texniki vəziyyətini ilk dəfə sistemli şəkildə qiymətləndirmişdir. Bu tədqiqatlar yalnız bölgənin ekoloji və hidrogeoloji bərpası üçün nəzəri əsasların formalaşdırılmasına deyil, həm də gələcək elmi tədqiqatların inkişaf etdirilməsinə zəmin yaratmışdır. Kəhrizlərin müasir texnologiyalarla təmiri və davamlı istifadəsi üçün təklif olunan nəzəri-metodoloji konsepsiya, həm ölkə daxilində, həm də beynəlxalq elmi təcrübədə mühüm əhəmiyyət kəsb edir. Vaxtı ilə Azərbaycanda kəhrizlər vasitəsilə il ərzində orta hesabla 400 mln m³ su əldə edilmişdir. Əldə edilən məlumatlar regionda su ehtiyatlarının səmərəli idarə olunması, su təchizatının dayanıqlığının artırılması və ekosistemlərin bərpası ilə bağlı elmi əsasların formalaşdırılmasına böyük töhfə verir. Kəhrizlər təbii su mənbəyi olaraq, həm suvarma, həm də içməli su tələbatını qarşılama potensialına malikdir. Bu xüsusiyyətlər, müasir dövrün su qıtlığı şəraitində, əhalinin içməli suya olan tələbatının getdikcə artdığı bir dövrdə kəhrizlərin bərpası və effektiv istifadəsini daha da vacib edir. Əldə edilən nəticələr, eləcə də ekoloji bərpa tədbirlərinin və kənd təsərrüfatı sektorunun davamlı inkişafının planlaşdırılmasında əsas götürüləcək elmi prinsipləri müəyyənləşdirir. Kəhrizlərin davamlı istifadəsi yalnız su ehtiyatlarının artırılması və əhalinin su təchizatının yaxşılaşdırılması ilə bağlı deyil, eyni zamanda regionun ekosistem sabitliyinin qorunmasına və kənd təsərrüfatının inkişafına böyük töhfə verir. Bu, həm də əhalinin həyat keyfiyyətinin yüksəldilməsi, kənd təsərrüfatı məhsuldarlığının artırılması və təbii resursların səmərəli istifadəsi baxımından strateji əhəmiyyət kəsb edir. Beləliklə, kəhrizlərdən optimal istifadə, işğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarının dayanıqlı şəkildə idarə olunmasına və əhalinin suya olan tələbatının qarşılanmasında mühüm bir həlledici rol oynayır. İşğaldan azad edilmiş ərazilərdə kəhrizlərin monitorinqi, torpaq və su analizlərinin ilk dəfə elmi cəhətdən kompleks şəkildə aparılması, həm regionun ekoloji, həm də hidrogeoloji bərpası, həm də kənd təsərrüfatının davamlı inkişafı baxımından əvəzsiz bir töhfə və elmi nailiyyətdir.
Layihə bir neçə elm sahəsini əhatə etdiyindən, tədqiqatçılar müxtəlif sahələr üzrə bilik və bacarıqlar əldə edirlər
- Layihədə iştirak edən tədqiqatçıların hazırlanması və biliklərinin inkişafı baxımından hansı addımlar atılır?
- Layihə çərçivəsində iştirak edən tədqiqatçıların hazırlanması və biliklərinin inkişafı ilə bağlı atılacaq addımlar: tədqiqatçılar layihə çərçivəsində mütəxəssislərlə daimi təcrübə mübadiləsində olurlar, müntəzəm danışıqlar aparılır, bu da onların nəzəri və praktik biliklərini artırmağa kömək edir. Layihə bir neçə elm sahəsini əhatə etdiyindən, tədqiqatçılar müxtəlif sahələr üzrə bilik və bacarıqlar əldə edirlər. Müasir alətlərdən istifadə ilə bağlı təcrübə qazanılır, beynəlxalq əlaqələrin qurulması və təcrübə mübadiləsi həyata keçirilir, bu da tədqiqatçılara müxtəlif ölkələrin təcrübələrindən faydalanmağa imkan verir. Tədqiqatçılar nəzəri biliklərlə yanaşı, praktiki təcrübə də qazanır, sahə işləri apararaq real şəraitdə məlumat toplayır və analizlər həyata keçirirlər. Əldə olunan tədqiqat nəticələri elmi jurnallarda dərc olunur və həm yerli, həm də beynəlxalq səviyyədə elmi ictimaiyyətlə paylaşılır, bu da iştirakçıların elmi inkişafını dəstəkləyir.
Elm Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən bu layihələr ölkədə elmin inkişafına və təbliğinə bir sıra mühüm töhfələr verir
- Sizcə Azərbaycan Elm Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən bu layihələr Azərbaycanda elmin inkşafına və təbliğinə necə töhfəsini verə bilər?
- Azərbaycan Elm Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən bu layihələr ölkədə elmin inkişafına və təbliğinə bir sıra mühüm töhfələr verir. Əvvəlcə, belə layihələr elmi tədqiqatların keyfiyyətini artırır, müasir elmi metodologiyaların tətbiqini stimullaşdırır və əldə edilən elmi biliklərin praktik istifadəsini təmin edir. Bu, həm də tədqiqatçıların bacarıqlarının inkişafına, yeni nəsil alimlərin yetişməsinə və yerli alimlərin beynəlxalq səviyyədə tanınmasına səbəb olur. Eyni zamanda, bu layihələr Azərbaycan elmini beynəlxalq aləmə təqdim edir, ölkə daxilində elmi məlumatların və innovativ yanaşmaların yayılmasına imkan yaradır. Layihələr çərçivəsində əldə edilən elmi nəticələr yerli və beynəlxalq jurnallarda dərc edilir, elmi mühitin inkişafına və beynəlxalq əməkdaşlığın genişlənməsinə kömək edir. Bundan əlavə, Elm Fondunun dəstəyi ilə reallaşdırılan layihələr praktiki məsələlərin həllinə yönəlir, xüsusilə kənd təsərrüfatı, ekoloji bərpa və su ehtiyatlarının idarə edilməsi sahələrində əldə olunan nəticələr ölkə iqtisadiyyatı və cəmiyyətinə mühüm töhfə verir. Bu cür layihələr həm elmi tədqiqatların, həm də təbliğatın genişlənməsinə, cəmiyyətin elmə marağının artırılmasına və elmi biliklərin gündəlik həyata inteqrasiya olunmasına təkan verir. Beləliklə, Azərbaycan Elm Fondunun dəstəyi ilə həyata keçirilən layihələr yalnız elmi inkişafı deyil, həm də Azərbaycan elminin dünya miqyasında tanınmasını və təbliğini təmin edərək, ölkənin elmi potensialının artırılmasında vacib rol oynayır.
Nəzrin Salmanova
11:15 05.05.2025
Oxunuş sayı: 1070