Yolgöstərənə yol göstərən yolçular...

Azərbaycan mətbuatının inkişaf tarixi, "Əkinçi" qəzetinin nəşri ilə başlanan proses baxımından bu gün üçün son dərəcə dəyərli bir irs və mühüm tədqiqat mənbəyidir. Müasir jurnalistikanın təməl prinsipləri kimi qəbul edilən bir çox amillər XX əsr Azərbaycan mətbuat orqanlarının fəaliyyətinin əsas istiqamətlərini müəyyən etmişdir. Azərbaycan klassik mətbuatı, mövcud olmuş mürəkkəb ictimai-siyasi şərtlərə və əhalinin aşağı təhsil səviyyəsinə baxmayaraq, məzmun və ideoloji baxımdan yüksək səviyyəli və zəngin olmuşdur. Bu zənginlik, mətbuat orqanlarının say çoxluğunda deyil, onların qarşıya qoyduğu milli ideallar, maarifçilik missiyası və ictimai dəyişikliklərə yönəlik məqsədlərində ifadəsini tapırdı.
XX əsrin əvvəllərindəki ictimai-siyasi vəziyyəti təhlil etdikdə, aydın olur ki, Azərbaycan həmin dövrdə Çar Rusiyasının tabeçiliyində olan bir ərazi statusunda idi. Məhz bu dövrdə dini və etnik zəmində ayrı-seçkilik, dil baryerləri, milli hüquqların məhdudlaşdırılması və təbii sərvətlərin istismarı kimi fundamental problemlər mövcud idi. Bu cür şərait xalqın azadlıq və tərəqqi ideyaları ətrafında düşüncəsini məhdudlaşdırırdı. Ən böyük problemlərdən biri isə ümumi savadsızlıq səviyyəsinin yüksək olması və əhalinin tərəqqi ideyalarına qarşı nümayiş etdirdiyi passiv müqavimət idi. Bu vəziyyətin formalaşmasında, xüsusilə bəzi dini təbəqələrin və dövrün saxta mollalarının təsiri böyük rol oynamışdır. Belə mürəkkəb şəraitdə Azərbaycan mətbuatı yalnız xarici senzura — Çar Rusiyası tərəfindən tətbiq edilən rəsmi senzura — ilə deyil, daxili sosial-intelektual gerilik və avamlıqla da mübarizə aparmaq məcburiyyətində idi.
Bu ağır ictimai və siyasi şərtlər daxilində fəaliyyətə başlayan Azərbaycan mətbuat orqanları üzərinə böyük ictimai və tarixi məsuliyyət düşürdü. Mətbuatın vəzifəsi təkcə informasiya yaymaqdan ibarət olmayıb, həm də cəmiyyətin maarifləndirilməsi, milli şüurun formalaşdırılması və sosial tərəqqiyə təkan verilməsi kimi strateji hədəfləri əhatə edirdi. Məhz bu çərçivədə fəaliyyət göstərən mətbuat orqanları arasında "İrşad" qəzeti xüsusilə seçilirdi. Ərəb dilindən tərcümədə "yol göstərən" mənasını verən "İrşad" qəzetinin fəaliyyəti, adının da ifadə etdiyi kimi, dövrün milli maarifçilik və yeniləşmə hərəkatında mühüm rol oynamışdır.
"İrşad" qəzeti 1905-ci il dekabrın 17-də fəaliyyətə başlamış və qısa müddət ərzində Azərbaycan mətbuat tarixində özünəməxsus yer tutmuşdur. Qəzet gündəlik olaraq nəşr edilir və ictimai-siyasi, ədəbi və iqtisadi mövzuları əhatə edən geniş tematik çərçivədə fəaliyyət göstərirdi. "İrşad" qəzetinin ətrafında dövrün nüfuzlu ədəbi və ictimai fikir adamları toplanmışdı. Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Qara Qarayev kimi ziyalılar qəzetin ideoloji və intellektual xəttinin formalaşdırılmasında mühüm rol oynamışdılar. Qəzetin baş redaktoru tanınmış publisist, siyasi xadim və maarifçi Əhməd bəy Ağaoğlu olmuşdur. "İrşad"ın nəşri və maliyyə təminatı isə görkəmli ictimai xadim və xeyriyyəçi İsa bəy Aşurbəyli tərəfindən təşkil olunmuşdu.
"İrşad" qəzetinin yaranması, dövrün ictimai-siyasi reallıqları fonunda təbii bir ictimai tələbatın məhsulu idi. Bu qəzet, yalnız mövcud sosial və siyasi problemləri tənqid etməklə kifayətlənmir, eyni zamanda bu problemlərin həlli yollarını göstərməyə çalışırdı. "İrşad" xalqı təhsilə, milli özünüdərkə, ictimai həmrəyliyə çağırır, dini fanatizmlə və sosial geriliklə prinsipial mübarizə aparırdı. Bu fəaliyyət istiqamətləri onu sıradan bir informasiya orqanı olmaqdansa, milli oyanış prosesinin fəal iştirakçısına çevirmişdir.
"İrşad" qəzetini digər dövr mətbuat orqanlarından fərqləndirən əsas cəhətlərdən biri onun Əhməd bəy Ağaoğlu dünya görüşünün birbaşa təcəssümü olması idi. Qəzetin səhifələrində qaldırılan problemlərin əksəriyyəti Əhməd bəy Ağaoğlunun yaradıcılığında da geniş yer tapmışdır. "İrşad"ın ideoloji xəttində ilkin İslamın təriqətlərə parçalanması tendensiyası kəskin tənqid olunmuş, dini düşüncədə vəhdət ideyasının gücləndirilməsinə xüsusi diqqət yetirilmişdir. Ədəbi-bədii əsərlərdə və publisistik yazılarda islam modernizmi prinsipləri əsas götürülmüş, İslamın təməl dəyərlərinin bərpası məsələsinə xüsusi önəm verilmişdir. Əhməd bəy Ağaoğlu sünni-şiə təfriqəsini ciddi şəkildə tənqid etmiş və bu ümummilli problemin nəzəri müstəvidə həlli yollarını irəli sürmüşdür.
Əhməd bəyin bu ideyaları yalnız "İrşad" qəzetində deyil, həm də onun qəzetə rəhbərlik etməzdən əvvəl qələmə aldığı əsərlərdə öz əksini tapmışdır. Xüsusilə, 1903-cü ildə yazdığı "İslama görə və islamiyyətdə qadın" əsərində o, İslam dünyasında qadının statusuna və ona verilən dəyərə elmi əsaslarla aydınlıq gətirmişdir. Əhməd bəy Ağaoğlu elmi debatlara, müxtəlif düşüncə tərzinə malik alimlər arasında fikir mübadiləsinə xüsusi önəm verir, bu prinsipi həm şəxsi fəaliyyətində, həm də "İrşad" qəzetinin səhifələrində həyata keçirirdi. Bu meyil onun daha sonrakı illərdə, Türkiyədə yaşadığı dövrdə də davam etmiş və o, öz evində müntəzəm olaraq elmi müzakirələr təşkil etmişdir.
Əhməd bəy üçün "İrşad" qəzetinin nəşri maddi qazanc və ya şəxsi şöhrət vasitəsi deyil, xalqın maarifləndirilməsinə yönəlmiş milli bir missiya idi. Qəzetin nəşrindən sonra geri düşüncəli və radikal təbəqələrin "İrşad"a qarşı qarayaxma kampaniyaları başlasa da, Əhməd bəy bu hücumlara yüksək ictimai məsuliyyət və milli şüur çərçivəsində cavab vermişdir. O, bu münasibətlə yazırdı:
"Mən səmimi qəlbdən diyorum, əgər millətim məndən narazıdır, əgər məni qəzetə aparmağa layiq görmüyorsa, mən 'İrşad'ı hər kəs istəsə, ona verərəm, qoy məndən yaxşıları, məndən layiqliləri aparsın, təki aparsın, təki bu mənbeyi-feyz və tərəqqi olan sərmayə əlimizdən çıxmasın. Axtarın, vuruşun, tapın, biz bu qədər zəhmətlər ilə düzəlmiş büsatı özgələrə millət namına təslim etməyə hazırıq."
Bu fikirlərdən aydın olur ki, Əhməd bəy Ağaoğlunun məqsədi şəxsi ambisiyaları təmin etmək deyil, xalqın tərəqqisi üçün zəruri olan maarif və intibah ideyalarını geniş kütlələrə çatdırmaq idi. Onun fəaliyyətində əsas hədəf, milli intibah prosesinin təmin olunması və İslam dünyasında mövcud olan stereotiplərin aradan qaldırılması olmuşdur.
"İrşad" qəzetinin fəaliyyəti qısa bir zaman kəsiyində geniş oxucu auditoriyası qazanaraq, tiraj baxımından da dövrünün digər mətbu orqanlarını geridə qoymuşdur. Belə ki, qəzetin tirajı 3000 nüsxəni aşmışdır ki, bu da həmin dövrün Azərbaycan mətbuatı üçün mühüm nailiyyət hesab edilə bilərdi. Müqayisə üçün qeyd etmək lazımdır ki, bu dövrün ən nüfuzlu mətbu orqanlarından sayılan "Həyat" qəzetinin tirajı belə heç vaxt 2500 nüsxəni keçməmişdi. Bu fakt "İrşad" qəzetinin cəmiyyət tərəfindən necə rəğbətlə qarşılandığını və onun sosial təsir gücünü əyani şəkildə göstərir.
"İrşad" yalnız oxucu auditoriyası ilə deyil, həm də dövrün aparıcı ziyalıları və ictimai xadimləri tərəfindən yüksək qiymətləndirilirdi. Xüsusilə, ilk satirik jurnalımız olan "Molla Nəsrəddin" səhifələrində "İrşad" qəzetinin fəaliyyətinə verilən yüksək qiymət diqqətəlayiqdir. Jurnalın baş redaktoru Mirzə Cəlil, ümumiyyətlə, nəyisə tərifləməkdə xəsis biri kimi tanınırdı. Bu mənada onun "İrşad" qəzetinə və baş redaktoru Əhməd bəy Ağaoğluna verdiyi qiymət "İrşad"ın uğurlu fəaliyyətinin bariz göstəricisidir. Mirzə Cəlil qəzet haqqında yazırdı:
"İrşadın sidqü səfası, camaata olan bitəmənna fədakarlığı, mədəniyyətə və tərəqqiyə xülusi-millətimizin mənafeyinin mühafizəsi üçün heç bir şeyi nəzərə almayıb, ələd-dəvam müheyya olması bu qəzeti millət qəzeti etmişdi. Məgər yaddan çıxıb o halətlər ki, camaat 'İrşad'ın nömrələrini həsrət və intizar ilə gözləyirdi! Məgər yaddan çıxıb o halətlər ki, camaatımız 'İrşad'ı nə həvəs və şövq ilə oxuyub, hər sətrinə, hər bir sözünə və hətta hər bir nöqtəsinə diqqət edirdi?"
Bundan əlavə, Mirzə Cəlil yalnız qəzetin fəaliyyətini deyil, həm də onun baş redaktoru Əhməd bəy Ağaoğlunun xidmətlərini xüsusi vurğulamış və qeyd etmişdir ki:
"İrşadın müdirinə olan ehtiram indiyədək camaat işi ilə məşğul olan heç bir müsəlmana olunmayıb."
"İrşad" qəzetinə göstərilən yüksək qiymət təkcə Mirzə Cəlil ilə məhdudlaşmırdı. Əhməd bəyin yaxın dostu və "Həyat" qəzetinin redaktoru Əli bəy Hüseynzadə də 1905-ci il dekabrın 19-da "Həyat" qəzetində "İrşad" adlı məqalə dərc etdirərək, qəzetin fəaliyyətinə yüksək qiymət vermişdi. Əli bəy, "İrşad"ın daha ilk nömrələrinin çıxmasından dərhal sonra yazdığı bu məqalədə qəzetin gələcək inkişaf potensialını doğru şəkildə qiymətləndirmişdi. O, "İrşad"ı Azərbaycan milli mətbuatının banisi sayılan "Əkinçi" qəzeti ilə müqayisə edərək yazırdı:
"Əgər qəzetə millətin, cəmaətin gözü isə, o cəmaəti birgözlü edən Həsən bəy həzrətləri idi. İştə, cəmaəti ilk dəfə də ikmali-məxluqat (daha kamil yaradılmış varlıq) olan insan kimi 'Həyat' ilə bərabər ikigözlü edən 'İrşad' olmuş oluyor."
Əli bəy Hüseynzadənin bu qiymətləndirməsi bir daha göstərir ki, "İrşad" qısa müddətdə milli mətbuat tariximizdə əhəmiyyətli yer tutmuş və ictimai tərəqqiyə xidmət edən əsas maarifçi tribunaya çevrilmişdir.
Qəzetin fəaliyyətinə mənfi təsir göstərən məsələlərdən biri “İrşad"ın yayımına Türkiyənin hakim siyasi dairələrinin qadağa qoyması idi. Ə.Ağaoğlu “İrşad”ın 23 fevral 1907-ci il tarixli sayında yazırdı:
“Sultan Əbdül Həmidin qəzetəsinin Türkiyəyə keçirilməsi şiddətli surətdə yasaq edildi, qadağan olundu. Sultan sarayından bu xüsusda rəsmi işarət viqun bulmuş bunun üçündür ki, iki həftədən bəri Rusiya postaxanələri kimsəyə bir şey vermiyor, bana göndərilən ruznamələr dəxi yetişmiyor”.
Qəzetin fəaliyyətinin dayandırılmasını abunə azlığı dil qəlizliyi, fikir mürəkkəbliyi və jurnalistika təcrübəsinin yetərincə olmaması ilə bağlayanlar bu fakta diqqət yönəltməlidirlər. Elə bu səbəbdəndir ki, XX əsrin əvvəllərindəki mətbuat nümunələri haqqında xatirələrində Abdulla Şaiq o dövrün nəşrlərini qaranlıq gecədə bir-birinin ardınca yanıb-sönən ulduzlara bənzədirdi. Maraqlısı da bundadır ki, bağlanması üçün göstərilən heç bir səbəbin məntiqi əsası yox idi. 3000 dən artıq tirajı olan bir qəzetə abunə azlığı, xalq arasında ən çox oxunan qəzetə dilinin qəliz olması, ətrafında Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə və Ömər Faiq Nemanzadə kimi ziyalıların birləşdiyi qəzetə jurnalistika təcrübəsinin yeterincə olmamasını demək olduqca absurddur. İrşad qəzeti tək Çar Rusiyasının deyil eyni zamanda içimizdə olan bölücülərin, saxta mollaların və savadsız dövlət adamlarının hədəfində idi. Yolunu itirmiş, mənəviyyatından və milli kimliyindən getdikcə uzaqlaşan bir xalqa-yol göstərən- İrşad hava və su kimi lazım idi. Lakin daxili və xarici qaragüruhlar İrşada “yol göstərərək” fəaliyyətini dayandırdı. Amma unutduqları nüans o idi ki, yol yolcuya göstərilir. İrşad bir yolçu deyildi, İrşad yol göstərən idi. Yolçular İrşadı hədəf alıb xalqın maarifinə qarşı çıxanlar idi. Yolgöstərənə yol göstərən yolçular…
Ayhan Ağarzayev
12:19 29.04.2025
Oxunuş sayı: 4807