Himnimiz necə yarandı?- Alimlərdən maraqlı iddia


Xəzər Universitetinin təşkilatçığıyla “Himnimiz necə yarandı? Faktlar və həqiqətlər” başlıqlı elm və sənət məclisi keçirilib.
Tədbirdə ilk olaraq Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı çıxış edərək mövzunun aktuallığına toxunub və belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O, bildirib ki, bu cür elmi müzakirələr tariximizin düzgün öyrənilməsi və təqdim olunması baxımından mühüm rol oynayır.
Daha sonra professor, filologiya elmləri doktoru Asif Rüstəmli məruzə ilə çıxış edərək Azərbaycan dövlət himninin sözlərinin müəllifliyinə dair apardığı araşdırmaların nəticələrini təqdim edib. Məruzəçi bildirib ki, mövcud arxiv sənədləri və dövrün mətbu materiallarında himnin sözləri Əhməd Cavadın adı ilə deyil, Cəmo bəy Cəbrayılbəylinin imzası ilə qeydə alınıb. O vurğulayıb ki, araşdırılan heç bir sənəddə Əhməd Cavadın imzasına rast gəlinmir. Professor çıxış edərək bildirib ki, burada heç kəs Əhməd Cavadı plagiatlıqda ittiham etmir. Onun sözlərinə görə, belə hallar o dövr üçün dövlət sənədlərində yol verilən texniki və ya qeyd dəyişikliyi səhvləri ilə bağlı ola bilər. A.Rüstəmli qeyd edib ki, bu cür səhvlər dövrün sənəd dövriyyəsində təbii və mümkün hal kimi qiymətləndirilməlidir.
Tədbirdə tarix elmləri doktoru Solmaz Rüstəmova da çıxış edərək Asif Rüstəmlinin bu məsələ ilə bağlı apardığı geniş araşdırmaların əhəmiyyətindən danışıb və dövlət himninin sözlərinin müəllifinin Cəmo bəy Cəbrayılbəyli olduğunu qeyd edib. O, mövzunun diqqətlə araşdırılmasının vacibliyini vurğulayıb.
Bundan əlavə, tədbirdə iştirak edən digər şəxslər də mövzu ilə bağlı fikirlərini bildiriblər. Çıxış edənlərin ortaq qənaəti bu olub ki, himnin mətninə diqqət yetirildikdə, onun üslub baxımından Əhməd Cavada aid olmadığı aydın görünür. Onlar bu fikri həm də dövrün ədəbi dili və müəlliflərin fərdi üslub xüsusiyyətləri ilə əsaslandırıblar.
Tədbirdə belə bir fikir də səsləndirilib ki, Cəmo bəy Cəbrayılbəylinin dövlət himninin sözlərinin müəllifi olduğunu sübut etmək üçün onun Üzeyir Hacıbəyli ilə münasibətləri və dövrün ictimai-ədəbi mühiti ayrıca araşdırılmalıdır. Bildirilib ki, bu əlaqələrin tədqiqi məsələyə daha dolğun aydınlıq gətirə bilər.
Tədbir zamanı jurnalistlər də məruzəçilərə suallar ünvanlayıb, araşdırmalarla bağlı ətraflı məlumat alıblar. Məruzəçilər isə verilən sualları cavablandıraraq mövzuya dair əlavə açıqlamalar veriblər. Eyni zamanda tədbirə Zoom platforması vasitəsilə qoşulan iştirakçılar da öz suallarını çatdırıb və müzakirələrə qatılıblar.
Nuray Qurbanlı
Aydan Quliyeva
17:45 16.04.2025
Oxunuş sayı: 4004