Türkiyə və İsrail Suriyada toqquşur

"Türkiyə və İsrail Suriyada ciddi rəqiblərə çevriliblər, hər iki ölkə regionda nüfuz uğrunda mübarizə aparır. Son həftələrdə Türkiyə ordusu Suriyadakı hərbi bazaları yoxlayıb, bəzilərini hava hücumundan müdafiə sistemləri və dronlarla təchiz etməyi planlaşdırırdı. T4 aviabazasının ələ keçirilməsi də bu planlara daxil idi".
Crossmedia.az xəbər verir ki, bu barədə The Economist yazıb.
"Amma 2 aprel gecəsi İsrail hücuma keçdi: T4 aviabazasının uçuş zolağı və radarları bombalandı, əlavə olaraq daha iki hərbi bazaya və digər obyektlərə də zərbələr endirildi. Bu hücum İsrailin Türkiyənin Suriyada artan fəallığından ciddi narahat olduğunu açıq şəkildə göstərdi.
İsrailin xarici işlər və müdafiə nazirləri Suriyanın Türkiyə protektoratına çevriləcəyi barədə xəbərdarlıq ediblər və bildirib ki, Suriya rəhbərliyi İsrailin təhlükəsizliyinə təhdid yaradan qüvvələri dəstəkləsə, ağır nəticələrlə üzləşəcək.
İsrail Türkiyənin Suriyada hərbi bazalar qurmasından və yeni hökumətin ordusunu silahlandırmasından narahatdır. Türkiyə isə İsrailin Suriya dövlətini parçalamaq istədiyindən qorxur. Hər iki ölkə bir-birini proksi-müharibəyə hazırlaşmaqda ittiham edir.
İsrail Suriyanı zəif və bölünmüş saxlamaq niyyətindədir, dəfələrlə Suriya hərbi infrastrukturunu hədəfə alaraq köhnə sovet istehsalı təyyarələri məhv edib. İsrail rəsmiləri müvəqqəti prezident Əhməd Əş-Şəraaya inanmırlar və onu “Əl-Qaidə məktəbindən olan terrorçu-cihadçı” adlandırırlar.
İsrail federal model təklif edir, müxtəlif etnik və dini qruplara muxtariyyət verilməsini istəyir. Türkiyə və Əş-Şəraa isə güclü mərkəzləşdirilmiş hakimiyyəti dəstəkləyir və martın 13-də bu istiqamətdə yeni konstitusiya qəbul ediblər.
Qəzzadakı müharibə ilə onsuz da gərgin olan Ankara-Təl-Əviv münasibətləri daha da pisləşə bilər, amma birbaşa müharibə ehtimalı azdır. Hər iki tərəf bir-birini cilovlamağa üstünlük verir. Üstəlik, Türkiyə və İsrail İrandan gələn təhlükəyə qarşı ortaq maraqlara malikdir. Əgər yeni Suriya uğursuz olsa, hər iki tərəf uduza bilər".
10:40 09.04.2025
Oxunuş sayı: 1882