Ağdaban faciəsi – yaddaşımıza həkk olunmuş soyqırımı

Tarixin demək olar ki, bütün mərhələlərində faşist Ermənistan dövlətinin beynəlxalq hüquqa və beynəlxalq normalara zidd, insanlığa sığmayan əməlləri ilə üz-üzə qalmışıq. Bu əməllər xüsusilə azərbaycanlılara qarşı yönəlmiş amansız qətliamlar və soyqırımlarla yadda qalmışdır. Bugün belə qanlı hadisələrdən biri – Ağdaban faciəsinin anım günüdür.
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlı birləşmələri Ağdaban yalındakı gözətçi məntəqəsinə hücum edərək burada keşik çəkən 3 nəfəri vəhşicəsinə qətlə yetirdilər. Daha sonra kəndin üst tərəfində yerləşən mövqelərə yerləşərək səhər saat 6-da kəndə ağır silahlardan atəş açmağa başladılar. Hücumun bütün detalları əvvəlcədən planlaşdırılmışdı: evləri kimlərin qarət edəcəyi, mal-qaranı kimlərin aparacağı, əliyalın insanları kimlərin əsir götürəcəyi, müqavimət göstərənlərin necə məhv ediləcəyi bir-bir müəyyən olunmuşdu.
Beləliklə, 1992-ci il aprelin 8-də Ağdərə rayonunun Çapar kəndi istiqamətindən Çayqovuşan və Ağdaban kəndlərinə genişmiqyaslı erməni hücumu həyata keçirildi.
Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırıldı. Kəndin 779 nəfərlik əhalisi amansız işgəncələrə məruz qaldı. 67 nəfər qətlə yetirildi. Onlardan 8-i 90-100 yaşlı qoca, 2-si azyaşlı uşaq, 7-si isə qadın olmaqla diri-diri yandırıldı. 2 nəfər itkin düşdü, 12 nəfər ağır bədən xəsarətləri aldı. Ermənilər tərəfindən kəndin tarix və mədəniyyət abidələri məhv edildi, müqəddəs ziyarətgahlar, məzarlıqlar təhqir olundu.
Azərbaycan klassik aşıq poeziyasının görkəmli nümayəndəsi Aşıq Qurbani və onun oğlu, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aşıq Şəmşirin evi, zəngin arxivi və əlyazmaları da erməni vəhşiliyinin qurbanı oldu – yandırıldı, talan edildi.
Ermənilərin bu vəhşi əməlləri təkcə insanlığa qarşı deyil, həm də tarixə, mədəniyyətə qarşı törədilmiş cinayətdir. Mədəniyyətdən və tarixdən bixəbər bir tayfa əlbəttə ki, memarlıq və mədəni dəyərlərin qiymətini anlaya bilməz.
Təəssüf ki, Ağdaban faciəsi xalqımızın nə ilk, nə də son faciəsidir. Bu qırğınlar təkcə tariximizə deyil, xalqımızın yaddaşına da dərin izlər salıb. Ancaq xalqımız inanır – necə ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabağı işğaldan azad etdik, necə ki, erməni qəsbkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər, eləcə də Azərbaycanın suverenliyinə və xalqımıza qarşı atılmış hər bir addım ədalət qarşısında cavablandırılacaq. Xalqın bundan şübhəsi yoxdur!
Ayhan Ağarzayev
11:11 08.04.2025
Oxunuş sayı: 1593