Türk Dövlətləri Təşkilatı: dünyada yeni güc mərkəzi formalaşır - MARAQLI ŞƏRH

Bildiyimiz kimi, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev “Kazinform” agentliyinə müsahibəsində TDT-nin 2025-ci il üçün planlaşdırdığı iki əsas tədbirin - Macarıstanda dövlət başçılarının qeyri-rəsmi sammiti və Azərbaycanda 12-ci rəsmi sammiti olduğunu bildirib. Onun sözlərinə görə, qeyd olunan sammitlər təşkilatın gələcək inkişafını müəyyən edən əsas qərarların müzakirəsi və yeni təşəbbüslərin başlanması üçün mühüm platformalar olacaq. Eyni zamanda TDT BMT, İslam Əməkdaşlıq Təşkilatı, Afrika İttifaqı, ASEAN və digər beynəlxalq təşkilatlar, həmçinin regional strukturlarla əməkdaşlığı genişləndirməyə davam etdirəcək.
Bəs TDT-nin son illərdə güclənən əlaqələri və beynəlxalq aləmdə artan nüfuzu gələcəkdə təşkilat üzvü olan ölkələrin iqtisadi və siyasi sahələrdə necə təsir göstərə bilər? Crossmedia.az mövzu ilə bağlı Milli Məclisin deputatı Müşfiq Cəfərova müraciət edib.
Deputat ilk olaraq, türk dünyasının dirçəlməsi, türk dövlətlərinin güclü ittifaq yaratmalarının müasir zamanın tələbi olduğunu bildirib: “Məlum olduğu kimi, hazırda XXI əsrdə dünyanın geosiyasi mənzərəsinin yenidən formalaşması prosesi gedir. Artıq global siyasətdə yeni güc mərkəzləri meydana çıxır və ya köhnə güc mərkəzləri mövqelərini itirirlər. Bir çox siyasi birliklər artıq əvvəlki nüfuzlarını qoruyub saxlaya bilmirlər. Təbii ki, bunun nəticəsində yeni alternativ siyasi və iqtisadi birliklər yaranmağa başlayır. Bu siyasi birliklərdən biri də əvvəlki adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası olub. Daha sonra Türk Dövlətləri Təşkilatı adlanan bu siyasi birlik qısa zaman kəsiyində özünü beynəlxalq münasibətlərin tamhüquqlu və nüfuzlu subyekti kimi elan etməyi bacarıb, sülhün möhkəmlənməsinə töhfə verməyə çalışıb və davamlı inkişaf edib”.
Eyni zamanda, deputat son illər türk dövlətləri arasında əlaqələr əhəmiyyətli dərəcədə güclənməsi, qarşılıqlı əlaqələrin genişlənməsinin ümumilikdə türk dövlətlərinin birliyinin daha da güclənməsinə xidmət etdiyini qeyd edib: “Artıq Türk Dövlətləri Təşkilatı regional güc mərkəzi kimi özünü təsdiq etməkdədir. Təşkilata üzv ölkələr öz aralarında münasibətləri möhkəmləndirməklə yanaşı, beynəlxalq müstəvidə də cərəyan edən proseslərə çevik reaksiya verir, eləcə də humanitar təşəbbüslərlə çıxış edir.
Qlobal təhdidlərin çoxaldığı indiki həssas dönəmdə isə türk dövlətlərinin daha sıx həmrəylik nümayiş etdirmələri xüsusilə vacibdir. Bu baxımdan, Türk Dövlətləri Təşkilatının həm türk ölkələri və xalqları, həm də bütün dünya üçün önəmi daha da artacaqdır. Son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Təşkilata üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir”.
Deputatın sözlərinə görə, hazırda TDT dünya ölkələri tərəfindən də mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artır: “Bu gün türk dövlətlərinin birliyi beynəlxalq aləmdə ciddi güc mərkəzi kimi qəbul olunur. Qardaş ölkələrin birgə fəaliyyəti, qəbul etdikləri qərarlar qlobal iqtisadi-siyasi proseslərə təsir edir, digər dövlətlər, təşkilatlar türk dövlətləri ilə əməkdaşlığa böyük maraq göstərirlər. Azərbaycan üzv dövlətlərlə həm təşkilat daxilində, həm də ikitərəfli çərçivədə sıx münasibətlərə malikdir”,- deyə o fikrini yekunlaşdırıb.
Nəzrin Salmanova
09:09 18.02.2025
Oxunuş sayı: 17397