Trampın Ukrayna ilə bağlı gizli planı üzə çıxdı: İqtisadi mühasirəyə salmaq və...

ABŞ Prezidenti Donald Trampın Ukraynanı iqtisadi mühasirəyə salmaq və 500 milyard dollarlıq “geri ödəniş” almaq üçün gizli planı var.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Bildirilib ki, bu plan ABŞ-ın Ukraynanın təkcə kritik əhəmiyyətli minerallarına nəzarətindən çox uzağa gedir: “Sənəd Ukrayna limanlarından və infrastrukturundan tutmuş neft-qaz yataqlarına və ölkənin geniş təbii sərvət bazasına qədər hər şeyi əhatə edir. Fevralın 7-də tərtib olunmuş və “Məxfi və İmtiyazlı” qeydi ilə işarələnmiş ilkin müqavilə layihəsinə əsasən, ABŞ və Ukrayna “münaqişənin düşmən tərəflərinin Ukraynanın bərpasından faydalanmamasını təmin etmək” üçün birgə investisiya fondu yaratmalıdır. Razılaşmaya əsasən, Ukraynanın resurslarının çıxarılmasından əldə olunan gəlirin 50%-i və gələcəkdə üçüncü tərəflərə veriləcək bütün yeni lisenziyaların maliyyə dəyərinin 50%-i ABŞ-ə aid olacaq. Bundan əlavə, ABŞ bu gəlirlər üzərində ipoteka hüququna malik olacaq. Bu şərt o deməkdir ki, əvvəl bizə pul ödəyin, sonra uşaqlarınızı doyurun” – danışıqlara yaxın mənbə bildirib.
Qeyd olunub ki, müqavilə ABŞ-a Ukraynanın ixrac edilə bilən mineral ehtiyatlarını almaq üçün “birinci seçim hüququ” verir: “Vaşinqtonun toxunulmazlığı olacaq və Ukraynanın əmtəə və resurs iqtisadiyyatı üzərində demək olar ki, tam nəzarət əldə edəcək. Prezident Volodimir Zelenski ötən ilin sentyabrında Tramp Qülləsinə səfəri zamanı ABŞ-a Ukraynanın nadir torpaq elementləri və kritik minerallarında birbaşa pay təklif edib. O, bunun amerikalı şirkətləri Ukraynada fəaliyyətə cəlb edəcəyini və bunun gələcəkdə Putinin mümkün hücumlarını əngəlləyən siyasi maneə yaradacağını hesablayıb”.
Nabat Fərzəliyeva
22:37 17.02.2025
Oxunuş sayı: 4759