Neft ucuzlaşmağa davam edir: “...İslahatlar qaçılmazdır”

Azərbaycan neftinin qiyməti aşağı düşməyə davam edir. Belə ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,24 ABŞ dolları, yaxud 0,31 % azalaraq 76,61 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 74,87 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,26 ABŞ dolları və ya 0,34 % azalaraq 75,13 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Neftin ucuşlaşması tendensiyası barədə Crossmedia.az-a danışan iqtisadçı – ekspert, i.ü.f.d. Gündüz Camalzadə bildirib ki, beynəlxalq neft bazarında qiymətin aşağı düşməsi təklif-tələb balansının pozulması və geosiyasi faktorlarla sıx bağlıdır: “Əsas səbəblər kimi qeyri-OPEC+ ölkələrinin istehsalı artırması, tələbatın qismən azalması gözləntiləri, ABŞ dollarının valyuta bazarında güclənməsi və s. ola bilər. ABŞ, Kanada və Braziliya 2025-ci ildə gündəlik 1.5 milyon barel əlavə neft tədarük edəcəklərini elan ediblər. Bu da təklifi artıraraq qiymət üzərində təzyiq yaradır. Xüsusilə Çində Qlobal iqtisadi böyümənin yavaşlaması enerji effektivliyinin artması və alternativ enerji mənbələrinə keçid neftə olan tələb artımını azaldır. Neftin qiymətinin petro dollar siyasəti nəticəsində ABŞ dolları ilə hesablanması və müvafiq pul vahidinin valyuta bazarında güclənməsi digər ölkələr üçün qiymətləri daha da bahalı edir ki, nəticədə neftə olan tələbi qismən azaldır”.
Ekspertin sözlərinə görə, Beynəlxalq Enerji Agentliyi 2025-ci ildə "Brent" markalı neftin orta qiymətini 74.5 dollar, Azərbaycan Mərkəzi Bankı isə 77.3 dollar kimi proqnozlaşdırır: “Ancaq İMF-in müvafiq hesabatına görə neftin qiyməti 70-75 dollar aralığında ehtimal etməsi daha real ssenaridir. Hər 1 dollarlıq neft qiymətinin enməsi, təxminən illik 100-150 milyon dollar aralığında neftdən gələn gəlirin azalması deməkdir. 2025-ci il üçün İMF-in "breakeven" həddi 73.17 dollar olduğundan, qiymətlərin bu səviyyənin altına düşməsi büdcə kəsirinə səbəb ola bilər. Neftdən gələn gəlirlərin azalması manatın məzənnəsinə təzyiqi artırır. Məsələn, 2023-cü ildə neft qiymətlərinin 10% enməsi nominaldan fərqli olaraq realda manatın ABŞ dolları qarşısında təxminən 3.5% zəifləməsi ilə nəticələnmişdi. Neftin qiymətinin azalmasının davamlı olması ssenarisində Mərkəzi Bank valyuta ehtiyatlarından istifadə etməli olsa, inflyasiya 7-10%-ə qalxa bilər (2024-cü ildə 6.2%). Eyni zamanda manatın zəifləməsi ixrac imkanlarını artırsa da, idxal olunan məhsulların, o cümlədən dənli bitkilərin bahalaşması ilə nəticələnə bilər. Valyuta təzyiqi turizmi ucuzlaşdıraraq xarici turist axınını artıra, lakin enerji xərclərinin artması təməl infrastruktur investisiyalarını ləngidə bilər. Norveç təcrübəsinə əsasən neftdən gələn gəlirlərin cəmi 3%-i büdcəyə ayrılır, qalan 1.5 trilyon dollarlıq sərvət müxtəlif Dövlət Fondlarında saxlanılır. Azərbaycanda isə bu nisbət 50%-ə yaxındır. Səudiyyə Ərəbistanı "Vision 2030" strateji planına uyğun olaraq neftdən asılılığı 50%-dən 20%-ə endirməyi hədəfləyir. Azərbaycanın "2030 Strateji Yol Xəritəsi" oxşar prinsipləri ehtiva etsə də, tətbiq tempi qismən zəifdir. Diversifikasiya siyasətinin davamlılığı üçün bir sıra tədbirlərin görülməsi, xüsusilə qeyri-neft sektorlarına investisiya edilməsi zəruridir. Belə ki, kənd təsərrüfatına dövlət subsidiyalarının artırılması, turizm infrastrukturunun modernləşdirilməsi üçün tədbirlər planı intensiv olaraq günümüzün tələblərinə uyğunlaşdırılaraq icra edilməlidir. Alternativ enerji mənbələrinə, ələlxüsus da külək və günəş enerjisi layihələrinin genişləndirilməsi (2030-cu ilədək 30% enerji təminatı kimi hədəf) üçün investorları cəlb etmək lazımdır. Büdcə formalaşdırılarkən neftin proqnoz qiyməti risklər nəzərə alınmalı, qiymət aralığı nisbətən geniş, yəni uc nöqtələr götürülməlidir (70-75 dollar). Dövlətin borclanma mexanizmində tavan məbləğ kimi ÜDM-ə nisbətin 25%-dən yuxarı olmayan həddi müəyyən edilərək yeni risk meyarları hazırlanmalıdır. İxracın dəstəklənməsini daha da artırmaq üçün Mərkəzi Bankın proaktiv müdaxiləsi fonunda manatın rəqabətqabiliyyətli məzənnədə saxlanılması nəzərə alınmalıdır”.
G.Camalzadənin fikrincə, neftin qiymətinin davamlı olaraq düşməsi fonunda isə struktural islahatlar qaçınılmazdır: “Belə ki, vergi sistemində sadələşdirmə, yəni qeyri-neft sahələr üçün vergi güzəştləri aparılmalıdır. Qeyri-neft sektorunun şaxələndirilməsi intensivləşdirilərək davam etdirilməli və rəqabətədavamlı məhsullar istehsal edilərək yeni bazarlara ixrac edilməsi üzrə tədbirlər planı hazırlanmalı, sözügedən tədbirlər planının icrasına ciddi nəazrət edilməlidir. Neftin qiymətindəki qeyri-müəyyənlik iqtisadiyyat üçün həm risk, həm də diversifikasiya üçün fürsətdir”.
Kənan Novruzov
10:48 17.02.2025
Oxunuş sayı: 8716