Ermənilər əsir düşmüş azərbaycanlıları öldürüblər- Faktlarla əsaslandırıldı

Bu gün Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilmiş daha üç şəhid dəfn olunacaq.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Şəhid Tərlan Məmmədov, Müşfiq Quliyev və Elşən Tağıyev bugün dəfn olunacaq.
Bu artıq neçəncidir ki, Azərbaycan Birinci Qarabağ müharibəsindəki əsir və hərbçilərin nəşini tapır. Ermənistan tərəfi əsir və itkin düşən azərbaycanlılarla bağlı indiyə qədər heç bir məlumat verməyib.
"Azərbaycan tərəfindən dəfələrlə edilmiş müraciətlərə baxmayaraq Ermənistan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etmir, otuz ildən artıq müddətdir əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məlumatları təqdim etməkdən boyun qaçırır".
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən növbəti üç nəfərin şəxsiyyətinin müəyyən olunmasına münasibətində qeyd edilib.
Bəs Ermənistanın itkin düşmüş azərbaycanlılarla bağlı məlumatları gizlətməsi beynəlxalq hüquq baxımından hansı konvensiyaların pozulması deməkdir?İşğaldan azad olunmuş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar beynəlxalq hüquq baxımından hansı cinayətlərin sübutu hesab edilə bilər?
Mövzu ilə bağlı hüquqşünas Əlövsət Allahverdiyev Crossmedia.az-a açıqlamasında bildirib:
"Məlumdur ki, Ermənistan Azərbaycana təcavüzü və işğal etdikləri ərazilərdə bütün davranışları ilə beynəlxalq hüquq normalarını nümayişkaranə pozmuş və bununla bağlı heç bir məsuliyyətə cəlb olunmamışdır. Birinci Qarabağ müharibəsi zamanı Ermənistan demək olar ki, beynəlxalq humanitar hüququn bütün prinsip və normalarını, Cenevrə Konvensiyalarının müddəalarını kobud şəkildə pozmuşdur. Məhz bunlardan biri də əsir və girovlar, habelə itkin düşmüş şəxslərlə bağlı məsələdir. Sual yaranır ki, nə üçün dəfələrlə Azərbaycan tərəfindən müraciət edilməsinə baxmayaraq, otuz ildən artıqdır ki, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məlumatları təqdim etməkdən boyun qaçırır? Ona görə ki, artıq onların bəlkə də heçbiri həyatda yoxdur, işgəncələrlə öldürülüb, qeyri-insani rəftəra məruz qalıblar. Əks halda, “Hərbi əsirlərlər rəftar haqqında” 1949-cu il Cenevrə Konvensiyasına müvafiq olaraq, məlumatları təqdim etməli idi. Bu Konvensiyanın 69 və 70-ci maddələrində öz əksini tapmışdır. Əsir götürmüş dövlət himayəçi dövlət vasitəsilə əsirlər barədə qarşı tərəfə məlumat verməlidir. Müşahidə olunan budur ki, 30 ildən artıqdır ki, Ermənistan bu məlumatları verməmişdir".
Hüquqşünas Ermənistanın əsirlərə olan qeyri-insani münasibətin faktlarından danışıb:
"Əsirlərin öldürülməsi hətta Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında toplanmış faktlardan da aydın şəkildə görünür. Komissiya bəyan edir ki, Ermənistan Respublikasının əsirlikdə olan Azərbaycan vətəndaşlarına qarşı münasibətdə beynəlxalq hüquq normalarınıa, o cümlədən "Müharibə qurbanlarının müdafiəsinə dair" 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinə zidd olaraq, həyata və ya şəxsiyyətə qəsd etmək, hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və ya işgəncə vermək, insan ləyaqətinə toxunmaq kimi tələblərini kobud surətdə pozduğunu sübut edir".
Ə.Allahverdiyev əsir düşmüş şəxslərin ermənilər tərəfindən öldürüldüyünün əsaslarını göstərib:
"Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı dinc əhalinin kütləvi şəkildə öldürülməsi, Ermənistan və Azərbaycanın işğal olunmuş Qarabağ ərazisində əsirlikdə saxlanılmış Azərbaycan vətəndaşlarının dəhşətli işgəncələr və mənəvi əzablara məruz qalması, amansız rəftar və ləyaqəti mütəmadi alçaltmaqla özünüöldürmə dərəcəsinə çatdırılması, soyuqqanlılıqla qətlə yetirilməsi, yaxud verilmiş işgəncələr nəticəsində vəfat etməsi söylədiklərimizə əyani sübutdur. Göstərilənlər onu deməyə əsas verir ki, əsir götürülmüş, itkin düşmüş şəxslər öldürülmüşdür".
Ayhan Ağarzayev
15:04 07.02.2025
Oxunuş sayı: 5997