Rusiya dağılır: Tramp Putinin qarşısına elə sənəd qoyacaq ki...

Ukrayna müharibəsi son illərin ən mürəkkəb və təsirli beynəlxalq məsələlərindən biri olaraq gündəmdə qalmağa davam edir. Müharibə yalnız regional deyil, qlobal güclər arasında da ciddi təsirlər yaratmaqdadır. Ukrayna müharibəsini sürətli və effektiv şəkildə dayandırmaq üçün müəyyən planlar hazırlanır.
Bəzi analitiklərin fikrincə, bu planların tərkib hissəsi olaraq rəsmi Kiyevin ərazi güzəştinə getməsi nəzərdə tutulu.
Sözügedən iddialarla bağlı Crossmedia.az-a danışan politoloq Elçin Xalidbəylinin fikrincə, ABŞ-da Respublikaçıların lideri Donald Trampın prezident kimi öz səlahiyyətlərini icrasına başlaması Ukrayna müharibəsi ətrafındakı vəziyyətin aydınlaşmasına kömək etmədi: “Hazırda vəziyyət əvvəlkindən daha qeyri-müəyyəndir və hər keçən gün daha da çətinləşir. Məsələ ondadır ki, Tramp hakimiyyətə gəlməzdən əvvəl Ukrayna müharibəsini cəmi bir gün ərzində dayandıracağını bildirmişdi. Təbii ki, bir gün ərzində dayandırılacaq bir müharibənin şərtləri tamamilə fərqli olardı. Çünki Tramp Ukrayna müharibəsini bir gün ərzində dayandırmağı nəzərdə tutarkən, dərhal hazırladığı planla Ukraynanın ərazilərini Rusiyaya güzəştə getməyi nəzərdə tutmuşdu. Bu məlumatlar artıq ictimaiyyətə məlum olmuşdu. Lakin son vaxtlar Trampın mövqeyi ciddi şəkildə dəyişməyə başlayıb. Çünki o, artıq tam olaraq başa düşür ki, Rusiya iqtisadiyyatı ciddi çöküş mərhələsinə daxil olub və Rusiyanın vəziyyəti yaxşı deyil. Ukrayna müharibəsi uzandıqca Rusiyanın çöküşü və dağılma prosesi daha intensiv xarakter alır. Yəni Tramp artıq anlayır ki, müharibənin uzanması Rusiyaya və Prezident Vladimir Putinə təzyiq göstərmək üçün bir vasitə ola bilər”.
Politoloqun fikrincə, Tramp artıq Ukrayna müharibəsinin altı ay ərzində dayandırıla biləcəyini bəyan edib: “O, komandasına müharibənin yüz gün ərzində dayandırılmasına nail olmaq üçün fəaliyyət göstərməyi tapşırdığını bildirib. Bu, Trampın yanaşma tərzində ciddi ziddiyətlər olduğunu göstərir. Tramp əvvəlki mövqeyini arxa plana keçirərək, Putinin nüvə müharibəsi riskindən danışmasının səbəbinin də bu məsələylə bağlıdır.Rusiyanın əlində yalnız bir müdafiə faktoru qalıb. Bu, nüvə silahıdır. Qalan bütün sahələrdə Rusiyanın hərbi potensialı artıq tükənmək üzrədir. Buna görə də, Prezident Putin Rusiyanın məğlub olacağı təqdirdə nüvə müharibəsinin başlaya biləcəyini və ya Rusiyanın nüvə silahından istifadə etməli olacağını gündəmə gətirir. Bu, uzun müddətdir test edilmiş və artıq köhnəlmiş bir yanaşmadır. Lakin bu tezisə Qərbdə artıq əvvəlki kimi böyük bir əhəmiyyət verilmədiyi görünür”.
E.Xalidbəyli bildirib ki, Rusiya hazırda çətin vəziyyətdədir və dərhal yardım almasına ehtiyacı var: “Bu, iqtisadiyyatıdakı durğunluğun aradan qalxması və ölkənin dağılmasının qarşısını almaq üçündür. Lakin Rusiyadan indi böyük güzəştlər tələb olunur. Kremlin bu güzəştləri yerinə yetirməməsi halında, müharibənin uzanacağına şübhə yoxdur. Trampın indiki davranışlarından belə görünür ki, Putinin qarşısına elə bir sülh sazişi qoymaq istəyirlər ki, o, məzmuna baxmadan sənədi imzalasın. Rusiyanın belə bir sənədə imza atması, onu təsdiqləyə bilər ki , ölkə dağılmanın son mərhələsindədir. Hazırda proseslər bu istiqamətdə inkişaf edir, amma gələcəkdə hansı dəyişikliklərin baş verəcəyi yaxın vaxtlarda bəlli olacaq. Əsas məsələ budur ki, Tramp Putinin bu sənədi imzalamayacağı təqdirdə, Rusiyanın məhv olacağı barədə bəyanat verib”.
Fidan Hacızadə
14:49 24.01.2025
Oxunuş sayı: 3357