Sosium

Unudulmaz gecə: Xalqın qırılan, amma sınmayan iradəsi

Azərbaycan tarixinin ən qanlı və eyni zamanda ən şərəfli səhifələrindən biri olan 20 Yanvar faciəsindən 35 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunlarının Bakıya yeridilməsi nəticəsində yüzlərlə günahsız insan qətlə yetirildi, yaralandı və itkin düşdü. Bu hadisə Azərbaycan xalqının azadlıq mübarizəsinin dönməz xarakter aldığını göstərdi və ölkənin müstəqilliyə gedən yolunda mühüm dönüş nöqtəsinə çevrildi.

Hər il 20 Yanvar günü Azərbaycan xalqı tərəfindən Ümumxalq Hüzn Günü kimi qeyd edilir, şəhidlərin müqəddəs ruhu ehtiramla anılır. Bu faciə təkcə bir qətliam deyil, eyni zamanda, xalqın mübarizə əzminin və azadlıq istəyinin rəmzinə çevrilib. Azərbaycan xalqı o gün öz müstəqilliyi, suverenliyi və azadlığı uğrunda canından keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.

Sovet imperiyası uzun illər Azərbaycanda sərt rejim tətbiq edirdi və xalqın haqlı tələblərini boğmağa çalışırdı. Lakin 1980-ci illərin sonlarından etibarən Azərbaycanda milli azadlıq hərəkatı güclənməyə başladı. Xalq artıq Sovet İttifaqının tərkibində qalmaq istəmirdi, öz taleyini özü həll etməyə, müstəqil olmağa can atırdı.

1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Qarabağda erməni separatçılarının fəaliyyətə başlaması ölkədə gərginliyi daha da artırdı. Xalq Sovet rəhbərliyindən ədalət tələb edirdi, lakin mərkəzi hökumət Azərbaycan xalqının səsini eşitmək əvəzinə repressiya yolunu seçdi. 1990-cı ilin yanvar ayında Bakıda və digər bölgələrdə xalqın haqlı narazılığı pik həddə çatdı və küçələrə axışan minlərlə insan azadlıq tələbi ilə etiraz aksiyalarına başladı.

Bu vəziyyət qarşısında Sovet rəhbərliyi Azərbaycan xalqının iradəsini qırmaq üçün hərbi gücə əl atdı. 19-dan 20-nə keçən gecə Sovet qoşunları heç bir xəbərdarlıq etmədən Bakıya daxil oldu. Ən müasir silahlarla təchiz olunmuş ordu dinc əhaliyə qarşı amansız qətliam törətdi.

Sovet qoşunları Bakıya daxil olduqdan sonra küçələrdə amansız atışmalar başladı. İnsanlar güllə yağışı altında qaldı, yüzlərlə insan həyatını itirdi. Həmin gecə hədəf yalnız silahlı müqavimət göstərənlər deyil, sadə vətəndaşlar, qadınlar, uşaqlar, qocalar idi.

Faciə yalnız Bakıda baş vermədi. Respublikanın digər bölgələrində, o cümlədən Salyan, Lənkəran, Neftçala və digər rayonlarda da sovet qoşunları qətliamlar törətdi. Ümumilikdə 150-dən çox insan şəhid oldu, yüzlərlə insan yaralandı və itkin düşdü.

Həmin gün Bakı sakinləri təkcə silahla deyil, eyni zamanda ruh yüksəkliyi və mübarizə əzmi ilə Sovet imperiyasına qarşı dayandı. Yaralıları xilas etmək üçün küçələrə çıxan həkimlər, etiraz edən gənclər, tankların qarşısına çıxan insanlar – onların hamısı Azərbaycanın azadlıq uğrunda canından keçməyə hazır olan qəhrəmanlara çevrildi.

Bu hadisələr Azərbaycan xalqının yaddaşına qanlı bir faciə kimi həkk olunsa da, eyni zamanda milli ruhun və azadlıq sevgisinin bir simvolu oldu.

Azərbaycanın bugünkü uğurları, müstəqilliyi və gücü 20 Yanvar şəhidlərinin və azadlıq uğrunda canını fəda edən qəhrəmanların fədakarlığı sayəsində mümkün olub.

20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Hər il bu tarixdə minlərlə insan Şəhidlər Xiyabanını ziyarət edir, şəhidlərin ruhuna dualar oxuyur. Onların qanı bahasına əldə edilən müstəqilliyi qorumaq, gücləndirmək və gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının borcudur.

Bu gün hər bir azərbaycanlı qürurla deyə bilər:

“Biz müstəqilik, güclüyük və şəhidlərimizin ruhu şaddır!”

Maral Şahverdili

07:54 20.01.2025

Oxunuş sayı: 3588

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR