Universitetlər şəhərdən kənarda olsun, tələbələr evlərinə həftədə bir dəfə getsin - Təklif
Müasir dövrdə böyük şəhərlərin sürətlə genişlənməsi, əhalinin mərkəzə axını və nəqliyyat sıxlığı qlobal sosial-ekoloji problemlərdən birinə çevrilib. Dünyada onilliklər əvvəl həyəcan təbili çalınan urbanizasiya problemi artıq günümüzdə insanların gündəlik həyat şəraitinə, emosional vəziyyətinə və psixologiyasına birbaşa təsir göstərir. Paytaxt Bakıda sosial institutların və təhsil müəssisələrinin əsasən şəhər mərkəzində cəmləşməsi gənclər daxil olmaqla bütün cəmiyyətdə ciddi sosial yorğunluq yaradır.
Mövzu ilə bağlı sosioloq Hüseyn İbrahimov Crossmedia.az-a açıqlama verib.

Ekspert bildirib ki, urbanizasiya təkcə ekoloji deyil, həm də sosial həyata təsir edən qlobal bir problemdir:
"Son illər yalnız Bakıda deyil, bütün böyük şəhərlərdə urbanizasiyanın inkişafı və tıxacların artması ilə gənclər arasında, maşın idarə edənlər, xüsusən də metro və ictimai nəqliyyatdan istifadə edənlər arasında bu gərginlik kəskin müşahidə olunur. Elm hələ 30-50 il bundan əvvəl urbanizasiyanı qlobal ekoloji problemin tərkib hissəsi kimi göstərirdi. Bu gün dünya artıq o mərhələyə çatıb ki, urbanizasiya insanların sosial həyat şəraitinə birbaşa təsir edir. Qlobal problemlər ona görə qlobaldır ki, bütün dünya dövlətlərini əhatə edir və müəyyən zaman kəsiyində insanın sosial həyatına bütövlükdə təsir etmək gücünə malikdir".
H.İbrahimov Bakıdakı mərkəzləşmə problemindən və bunun gənclərdə yaratdığı emosional gərginlikdən söz açıb:
"Ölkəmizdə işğaldan azad olunan ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" modelləri qurulur ki, bunlar gələcəkdə regionların inkişafı çərçivəsində polisentrik şəhərlərin tarazlaşması məsələsini gündəmə gətirir. Lakin bu gün əhalimizin böyük hissəsi və sosial institutların əksəriyyəti Bakının mərkəzində cəmləşib. İnsanların böyük qismi gün ərzində eyni saatlarda eyni metrolardan çıxmalı, eyni avtobus marşrutları ilə getməli olurlar. Bütün bunlar gənclər arasında sosial yorğunluq yaradır, onların emosional vəziyyətinə və gündəlik həyatına mənfi təsir edir".
Sosioloq problemin həlli yolu kimi universiti şəhərciklərinin (kampusların) və dövlət qurumlarının şəhər kənarına köçürülməsini təklif edib:
"Yaxşı olardı ki, təhsil müəssisələrimizin bir çoxu regionlarda yerləşərdi və ya Bakıdan kənarda tələbələr üçün ayrıca kampuslu şəhərciklər tikilərdi. Həm rayonlardan gələn, həm də Bakıda yaşayan tələbələr bu kampuslarda məskunlaşa bilərdilər. Onlar yalnız həftədə bir dəfə evlərinə baş çəkər, qalan vaxtı kampusda asudə vaxtlarını səmərəli keçirərdilər. Hətta həmin şəhərciklərdə gənclər üçün müəyyən iş yerləri də yaratmaq olardı. Universitetlərin şəhərdən kənara çıxarılması ictimai nəqliyyatın yükünü azaldar, şəhərdəki hərəkətliliyi nizama salar və gənclərin emosional durumuna çox müsbət təsir edərdi. Həmçinin dövlət idarələrinin və tikinti proseslərinin şəhər kənarına doğru genişlənməsi vacibdir. Böyük Qayıdışdan sonra digər institutların "ağıllı şəhər" və "ağıllı kənd" ərazilərində yerləşməsi polisentrik şəhərlərin genişlənməsini sürətləndirəcək".
Ekspert sonda bu yorğunluğun fərdi və sosial tərəflərini qiymətləndirib:
"Bu yorğunluq eyni zamanda fərdi hadisədir. Elə insanlar var ki, illərdir eyni marşrutla gedib-gəlirlər və artıq bu psixoloji baryeri aşıblar, bu yorğunluğu hiss etmirlər. Lakin ümumilikdə bu hal fərdi xüsusiyyət olmaqla yanaşı, müasir urbanizasiyalaşmış cəmiyyətlərin sosial strukturunun mühüm bir problemidir".
Fatimə Cabbarlı
12:30 26.10.2026
Oxunuş sayı: 63