Süni intellekt əməyin normalaşdırılmasını necə dəyişir? – Yeni yanaşmalar
Əməyin
normalaşdırılması sahəsində dünyada yeni mərhələ başlayır. Süni intellekt,
böyük məlumatlar və alqoritmik idarəetmə artıq yalnız istehsalı deyil, iş proseslərinin ölçülməsi və əmək məhsuldarlığının qiymətləndirilməsi üsullarını
da dəyişir.
Qazaxıstan Əməyin Təşkili və Normalaşdırılması Mərkəzinin baş direktoru Asel Qaleyeva Crossmedia.az-a açıqlamasında bildirib ki, əsas yeniliklərdən biri statik normalardan dinamik normalara keçiddir. Əvvəllər müəyyən edilən norma uzun müddət dəyişməz qala bilirdisə, yeni sistemlər istehsal şəraiti, avadanlığın vəziyyəti, iş yükü və digər göstəricilər dəyişdikcə normanı yenidən hesablamağa imkan verir.

Digər
mühüm istiqamət böyük məlumatların və maşın öyrənməsinin tətbiqidir. Bu
texnologiyalar minlərlə əməliyyat haqqında məlumatı təhlil edərək vaxt itkilərini,
boşdayanmaları, təkrarlanan prosesləri və məhsuldarlıq ehtiyatlarını daha dəqiq
müəyyən edə bilir.
Yeni
yanaşmalardan biri də işçinin bütövlükdə peşəsini deyil, onun yerinə yetirdiyi
ayrı-ayrı tapşırıqları analiz etməkdir. ILO-nun 2026-cı il araşdırmaları da
göstərir ki, süni intellektin təsiri peşədən çox konkret iş tapşırıqları səviyyəsində
qiymətləndirilməyə başlayır.
Sürətlə
yayılan digər istiqamət alqoritmik idarəetmədir. Belə sistemlər tapşırıqların
bölüşdürülməsi, iş prosesinin monitorinqi və nəticələrin qiymətləndirilməsində
istifadə olunur. OECD-nin araşdırmaları göstərir ki, bu texnologiyalar artıq
bir sıra inkişaf etmiş ölkələrin müəssisələrində geniş tətbiq edilir.
Asel
Qaleyevanın fikrincə, Qazaxıstan üçün gələcək model klassik normalaşdırma
metodlarının süni intellekt, istehsal analitikası və real vaxt məlumatları ilə
birləşdirilməsi ola bilər:
“Gələcəyin
əmək norması yalnız neçə dəqiqə işlədiyimizi deyil, iş prosesinin necə
qurulduğunu, hansı əməliyyatların avtomatlaşdırıla biləcəyini və insan əməyinin
harada daha yüksək dəyər yaratdığını göstərəcək.”
Bu yanaşma normalaşdırmanı sadəcə vaxt ölçmə üsulundan çıxararaq əmək məhsuldarlığının rəqəmsal idarəetmə sisteminə çevirə bilər.
14:39 02.10.2026
Oxunuş sayı: 98