Süni intellekt yeni dil kəşf etdi - alimlər başa düşə bilmir
Süni intellekt modellərinin insanlar tərəfindən əvvəlcədən öyrədilməyən ifadə və terminlər yaratması texnologiyaya nəzarət və təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirir. Süni intellekt proqramlarının öz aralarında heç kimin anlamadığı dildə danışması, çətin olan ünsiyyət formalarından istifadə etməsinin nəzarət baxımından problem yarada biləcək.
Mövzu ilə bağlı İKT eksperti Vüsal Məmmədzadə Crossmedia.az-a açıqlamasında bildirib ki, süni intellektin əvvəlcədən öyrədilməyən ifadələr və ünsiyyət formaları yaratması onun şüur qazandığı və ya insanlara qarşı gizli fəaliyyət göstərdiyi anlamına gəlmir:
“Süni intellektin insanlar tərəfindən əvvəlcədən öyrədilməyən ifadələr və ünsiyyət formaları yaratması onun şüur qazandığı və ya insanlara qarşı gizli fəaliyyət göstərdiyi anlamına gəlmir. Bu, sistemlərin müəyyən tapşırıqları yerinə yetirərkən daha fərqli və səmərəli üsullar formalaşdırmasının nəticəsi ola bilər. Lakin burada əsas məsələ həmin ünsiyyətin insanlar tərəfindən nə dərəcədə izlənilə və yoxlanıla bilməsidir. Süni intellekt sistemlərinin bir-biri ilə hansı məlumatları paylaşdığını və hansı qərarları qəbul etdiyini müəyyənləşdirmək mümkün olmazsa, bu, təhlükəsizlik boşluqlarına, məxfi məlumatların sızmasına və yanlış qərarların səbəblərinin aşkarlanmasında çətinliklərə yol aça bilər. Mənim fikrimcə, süni intellektin yeni ünsiyyət formaları yaratmasını birbaşa təhlükə kimi qiymətləndirmək doğru deyil. Əsas problem texnologiyanın inkişafı deyil, onun fəaliyyətinə nəzarət imkanlarının məhdudlaşmasıdır”.

V.Məmmədzadə qeyd edib ki, bu səbəbdən beynəlxalq səviyyədə vahid təhlükəsizlik standartlarının formalaşdırılması vacibdir:
“Süni intellekt sistemləri müstəqil yoxlamalardan keçirilməli, onların fəaliyyəti izlənilə bilməli və təhlükəli vəziyyət yarandıqda insan müdaxiləsi ilə dayandırılması mümkün olmalıdır. Eyni zamanda, sistemlərin yol verdiyi səhvlərə görə məsuliyyət mexanizmləri müəyyənləşdirilməlidir. Hesab edirəm ki, əsas məqsəd süni intellektin inkişafını məhdudlaşdırmaq deyil, onun nə qədər mürəkkəbləşməsindən asılı olmayaraq, insan nəzarəti altında və təhlükəsiz şəkildə fəaliyyət göstərməsini təmin etmək olmalıdır”.
Nuray Mehtiyeva
14:30 16.09.2026
Oxunuş sayı: 49