Rusiya və İran Cənubi Qafqazı müzakirə edib
Rusiya və İran xarici işlər nazirliklərinin nümayəndələri Cənubi Qafqazdakı vəziyyəti və regionda birgə layihələri müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Sentyabrın 10-da Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin İran xarici işlər nazirinin müavini M. Sobhani ilə görüşüb.
Görüş zamanı ikitərəfli və regional məsələlər, xüsusilə Cənubi Qafqazdakı vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan, Ermənistan və Gürcüstan, həmçinin Rusiya, İran və Türkiyənin iştirakı ilə fəaliyyət göstərən “3+3” Regional Əməkdaşlıq Platforması çərçivəsində Moskva və Tehranın mövqelərinin sıx koordinasiyasını davam etdirməkdə maraqlı olduqlarını bildiriblər.
Bundan əlavə, tərəflər regionda birgə infrastruktur layihələrinin həyata keçirilməsinə dair mövqelərini təsdiqləyiblər. Əsas diqqətin “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı ilə bağlı layihələrə yönəldiyi qeyd olunub.
10:23 11.09.2026
Oxunuş sayı: 44