Avropada Rusiya həyəcanı: Sabotaj şübhələri artır
Rusiyanın Ukraynada hərbi hücumları intensivləşdirdiyi bir vaxtda Avropada da sabotaj fəaliyyətlərini artırdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, “BBC” bu barədə məlumat yayıb.
Məlumata görə, avqust ayında Rusiyanın Ukrayna ərazisinə hücumları daha intensiv və dinc əhali üçün daha ölümcül olub. Bununla yanaşı, Avropada müdafiə və hərbi sənaye obyektlərinə qarşı şübhəli hadisələrin də artdığı bildirilir.
Almaniyanın daxili işlər naziri Leypsiq hava limanında partlayıcılarla təchiz edilmiş dronların aşkarlanmasından təxminən bir ay sonra onların arxasında Rusiyanın dayandığını açıqlayıb. Həmin hava limanından Ukraynaya hərbi yüklərin daşındığı qeyd olunur.
Rusiya Prezidenti Vladimir Putin isə bu ittihamlarla bağlı sübut tələb edib, Rusiya rəsmiləri isə Almaniyanın açıqlamasını “absurd” adlandırıblar.
Avqust ayında İtaliyadan Estoniyaya qədər bir sıra müdafiə obyektlərində şübhəli yanğınların baş verdiyi də bildirilir. Bəzi ölkələr hadisələrə görə Rusiyanı günahlandırıb, digərlərində isə araşdırmalar davam edir. Yanğınların bir qisminin təsadüf nəticəsində baş verməsi də istisna edilmir.
07:44 06.09.2026
Oxunuş sayı: 54