Putin müharibəni genişləndirməyə hazırlaşır
Rusiya lideri Vladimir Putin yay aylarında aparılan müzakirələrdən sonra Ukraynaya qarşı müharibəni dayandırmaq əvəzinə, onu yeni mərhələdə genişləndirməyə meyllidir.
Crossmedia.az bu barədə ˝The Economist˝ə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Rusiya Ukraynaya qarşı müharibəyə əlavə yüz minlərlə insan cəlb edə bilər. Bunun üçün yeni rəsmi səfərbərlik elan olunmaya, əlavə qüvvələrin regional hakimiyyət orqanları və məcburi cəlbetmə mexanizmləri vasitəsilə toplanmasına üstünlük verilə bilər.
˝The Economist˝ həmçinin Rusiyanın qış aylarında Ukraynanın enerji infrastrukturuna zərbələri gücləndirə, Avropada Ukraynanın tərəfdaşlarına qarşı hibrid fəaliyyətləri və təxribatları genişləndirə biləcəyini bildirir. Bu addımların Kiyev üçün silah istehsal edən müəssisələri və təchizat marşrutlarını da hədəfə ala biləcəyi iddia olunur.
Nəşr Putinin müharibədən geri çəkilməyə hazır görünmədiyini qeyd edir. Mənbələrin iddiasına görə, o, bütün Donbası nəzarətə götürmədən münaqişənin başa çatmasını öz siyasi mövqeyi üçün təhlükəli hesab edir.
Qərb kəşfiyyat qurumlarının qiymətləndirməsinə əsasən isə Putin NATO ilə birbaşa hərbi qarşıdurmaya can atmır. ˝The Economist˝ eskalasiyanın Rusiyanın problemlərini həll etməyəcəyini, əksinə itkiləri, iqtisadi xərcləri və daxili qeyri-sabitliyi artıra biləcəyini yazır.
21:35 01.09.2026
Oxunuş sayı: 44