Elxan Məmmədov İnfantinonun dəstək kampaniyasında iştirak edir
FİFA-nın milli assosiasiyalarla iş üzrə bölmə rəhbəri Elxan Məmmədov təşkilatın prezidenti Canni İnfantinonun mövqelərinin möhkəmləndirilməsi məqsədilə aparılan kampaniyada iştirak edir.
Crossmedia.az xəbər verir ki, “Sporting Intelligence” bu barədə məlumat yayıb.
Nəşrin iddiasına görə, Elxan Məmmədov ötən həftə Canni İnfantino və FİFA-nın baş katibi Mattias Qrafström ilə birlikdə Dominikan Respublikasına səfər edib. Burada FİFA prezidenti təşkilatın prezident seçkilərində 25 səsə malik Karib Futbol İttifaqının nümayəndələri ilə görüşüb.
“Sporting Intelligence”ın məlumatına əsasən, Elxan Məmmədov və Mattias Qrafströmun əsas vəzifəsi milli futbol federasiyaları arasında Canni İnfantinoya dəstəyi gücləndirməkdir. Nəşr Elxan Məmmədovun Şərqi Avropa və Asiyanın futbol assosiasiyaları ilə də əlaqə saxladığını bildirir.
Qeyd olunur ki, AFFA-nın keçmiş baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədov 2022-ci ilin mayından FİFA-da çalışır. Hazırda o, təşkilatın 211 milli futbol assosiasiyası ilə qarşılıqlı əlaqələrinə cavabdehdir.
“Sporting Intelligence”ın iddiasına görə, Elxan Məmmədovun bu fəaliyyəti bir sıra avropalı futbol rəsmilərinin narazılığına səbəb olub və onlardan bəziləri onun FİFA-dan uzaqlaşdırılmasını tələb edir.
14:17 28.08.2026
Oxunuş sayı: 43