Cənubi Koreyada it əti qadağası qüvvəyə minir
Cənubi Koreyada ənənəvi olaraq it əti istehlakının artdığı son isti yay günlərindən biri geridə qalıb. Ölkədə it ətinin insan istehlakı üçün yetişdirilməsi, kəsilməsi və satışına qoyulan tam qadağa 2027-ci ilin fevralından qüvvəyə minəcək.
Crossmedia.az xəbər verir ki, üçillik keçid müddətinin başa çatmasından sonra qaydaları pozan şəxsləri cərimə və hətta həbs cəzası gözləyir.
Son illərdə ölkədə ev heyvanlarının saxlanılmasının geniş yayılması və heyvanların rifahı ilə bağlı narahatlıqların artması ictimai münasibəti əhəmiyyətli dərəcədə dəyişib. Sorğulara əsasən, əhalinin 80 faizindən çoxu it əti qadağasını dəstəkləyir. Respondentlərin təxminən 95 faizi isə son bir ildə it əti yemədiyini bildirib.
Seul yaxınlığındakı bazarlardan birində isə ənənəvi it əti şorbasına üstünlük verən müştərilərin əsasən yaşlı insanlar olduğu bildirilir. Onlar bu yeməyin güc və dözümlülüyü artırdığına inanırlar.
Qadağanın qüvvəyə minməsi ilə bir sıra müəssisələr fəaliyyət istiqamətini dəyişərək qara keçi ətindən hazırlanan yeməklər təqdim etməyə başlayıb, bəziləri isə fəaliyyətini tamamilə dayandırıb.
Keçmiş satıcılar it əti ticarətinin dayandırılmasının ölkənin beynəlxalq imici baxımından zəruri olduğunu qəbul etsələr də, restoran sahibləri uzun illərdir onların müştərisi olan yaşlı insanların artıq bu yeməklərdən istifadə edə bilməyəcəyinə görə təəssüfləndiklərini bildirirlər.
08:27 27.08.2026
Oxunuş sayı: 52