İsgəndəriyyə mayakının sirri açılır: dənizdən nəhəng daş bloklar çıxarıldı
Misirin İsgəndəriyyə şəhəri sahillərində aparılan sualtı arxeoloji tədqiqatlar zamanı qədim dünyanın yeddi möcüzəsindən biri hesab edilən İsgəndəriyyə mayakına aid 22 nəhəng daş blok dənizin dibindən çıxarılıb.
Crossmedia.az ˝Unian˝-a istinadən xəbər verir.
Tədqiqatçıların məlumatına görə, hər bir daşın çəkisi təxminən 70-80 ton təşkil edir. Alimlər hesab edirlər ki, bu tapıntı mayakın rəqəmsal rekonstruksiyasının hazırlanması üçün mühüm mərhələ olacaq.
Dənizdən çıxarılan artefaktlar arasında böyük qapı üstü daşları, qapı dayaqları, pillə daşı və tikilinin üzərində dayandığı iri plitələr var. Arxeoloqlar əvvəllər rast gəlinməyən Misir üslubunda giriş qapısı da aşkar ediblər.
Mütəxəssislərin fikrincə, bu daşlar vaxtilə mayakın əsas giriş hissəsini təşkil edib və burada qədim Misir ilə yunan memarlıq üslubları birləşib.
Bu qədər ağır daşların sudan çıxarılması üçün xüsusi barja və güclü krandan istifadə olunub.
Hazırda çıxarılan bloklar skan edilərək araşdırılır. Son 10 il ərzində suyun altında öyrənilən digər daşlarla birlikdə artıq 100-dən çox nəhəng blok tədqiqata cəlb olunub. Alimlər hər daşı müxtəlif rakurslardan fotoşəkilləyir və bu görüntülər əsasında dəqiq 3D modellər yaradırlar.
Tədqiqatlar PHAROS layihəsi çərçivəsində həyata keçirilir. Layihənin məqsədi qədim mənbələr, təsvirlər və arxeoloji məlumatlar əsasında İsgəndəriyyə mayakının mümkün qədər dəqiq rəqəmsal surətini yaratmaqdır.
Tarixi möcüzənin izi
İsgəndəriyyə mayakı eramızdan əvvəl Ptolemey I-in əmri ilə Faros adasında inşa edilib. Tikilinin hündürlüyünün 100 metrdən çox olduğu bildirilir və o, min ildən artıq müddət ərzində dənizçilərə yol göstərib.
Mayak zamanla zəlzələlər nəticəsində zədələnib. 1303-cü ildə baş verən güclü zəlzələ isə onun böyük hissəsini dağıdıb. Daha sonra qalıqlar tikinti materialı kimi istifadə olunub və həmin ərazidə qala inşa edilib.
Alimlər hesab edirlər ki, dənizə düşən daşlar əsrlər boyu toxunulmadan qaldığı üçün ən yaxşı qorunan hissələrdir.
08:50 13.08.2026
Oxunuş sayı: 48