Zelenski: Fedorov və Sırski arasında fikir ayrılığı aylarla davam edib
Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə naziri Mixail Fedorov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Aleksandr Sırski arasında əməkdaşlıqla bağlı problemlərin aylarla davam etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə "Sky News" telekanalına müsahibəsində danışıb.
Ukrayna lideri qeyd edib ki, onun qarşılaşdığı əsas problemlərdən biri Müdafiə Nazirliyi ilə Baş Qərargah arasında qarşılıqlı fəaliyyət və koordinasiyanın zəif olması olub.
"Məndə ciddi problem var idi – bu, günlər və ya həftələr deyil, aylarla davam edən bir məsələ idi. Söhbət Baş Qərargah rəisi ilə Müdafiə Nazirliyi arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyətdən gedir", – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, bəzi məsələləri yalnız ordunun və nazirliyin birgə fəaliyyəti ilə həll etmək mümkündür.
Zelenski əsas çağırışlardan birinin səfərbərlik məsələsi olduğunu vurğulayıb. O bildirib ki, Ukrayna yeni səfərbərlik yanaşmasına və yeni tədbirlərə ehtiyac duyur.
"Biz daha 500 min rus hərbçisi ilə qarşılaşa bilərik. Mənə bu iki qurum arasında birlik lazımdır", – deyə Ukrayna prezidenti qeyd edib.
Zelenski digər mühüm problemin hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı olduğunu bildirib.
"Bizdə kifayət qədər raketdən müdafiə sistemi yoxdur. Mənim danışıqlara vaxtım yoxdur. Əvvəlcə bir tərəfi, sonra digər tərəfi dinləmək imkanım yoxdur. Bu iki tərəf hər gün deyil, hər saat görüşməlidir ki, səmanız qorunsun. Mən kimin haqlı, kimin səhv olduğunu müəyyənləşdirməyə vaxt ayırmaq istəmirəm", – deyə Zelenski əlavə edib.
12:56 27.07.2026
Oxunuş sayı: 62