Avstriya Ukraynanın Aİ-yə sürətlə qəbuluna qarşı çıxdı
Avstriya Ukraynanın Avropa İttifaqına (Aİ) sürətlə qəbul edilməsini dəstəkləmir.
Crossmedia.az xəbər verir ki, bu barədə Avstriyanın Avropa məsələləri naziri Klaudiya Bauer "Welt am Sonntag" qəzetinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, son aylarda Ukrayna Prezidenti Volodimir Zelenski Aİ-yə üzvlük tarixini müəyyən etməyə çalışır, lakin bu proses sürətləndirilmiş qaydada həyata keçirilə bilməz.
"Bütün namizəd ölkələr, o cümlədən Ukrayna, eyni qaydalara əməl etməli və üzvlüyü öz nailiyyətləri ilə qazanmalıdır. Kiyevin xüsusilə hüququn aliliyinin möhkəmləndirilməsi və qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində hələ çox işi var", – deyə Bauer vurğulayıb.
O əlavə edib ki, Ukrayna və Aİ-yə üzv olmaq istəyən digər ölkələr üçün mərhələli inteqrasiya mexanizmi çərçivəsində "qismən üzvlük" alternativ variant ola bilər.
Qeyd edək ki, Volodimir Zelenski daha əvvəl Ukraynanın yalnız Avropa İttifaqına tamhüquqlu üzvlüyü qəbul edəcəyini dəfələrlə bəyan edib.
09:43 27.07.2026
Oxunuş sayı: 63