ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatını ələ keçirmək variantını nəzərdən keçirir
ABŞ administrasiyası İranın nüvə obyektlərində saxlanılan zənginləşdirilmiş uranı ələ keçirməyə yönəlmiş mümkün hərbi əməliyyat ssenarisini nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, "New York Post" bu barədə məlumat yayıb.
Nəşrin mənbəsinin bildirdiyinə görə, belə bir əməliyyatın həyata keçirilməsi minlərlə hərbçinin iştirakını tələb edəcək. Plan çərçivəsində hərbçilərin mina tələlərini keçərək İranın nüvə obyektlərinə daxil olması, mühəndis-istehkam bölmələrinin və genişmiqyaslı dəstək qüvvələrinin cəlb edilməsi nəzərdə tutulur. Zənginləşdirilmiş uranın birbaşa götürülməsi isə xüsusi təyinatlılardan ibarət kiçik qrupun öhdəsinə veriləcək.
ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktor müavini Cozef Rocers bildirib ki, bu, hərb tarixində ən mürəkkəb əməliyyatlardan biri, hətta ən çətini ola bilər.
Onun sözlərinə görə, əməliyyata başlamazdan əvvəl bütün nüvə obyektləri ətrafında etibarlı təhlükəsizlik perimetri yaradılmalı, daha sonra isə götürüləcək nüvə materialının təhlükəsiz şəkildə daşınması üçün marşrut təmin edilməlidir. Eyni zamanda, ABŞ-ın əvvəlki zərbələri nəticəsində dağılan yeraltı komplekslərin girişləri təmizlənməli və İran qüvvələrinin mümkün hücumlarının qarşısı alınmalıdır.
Məlumata əsasən, İran da mümkün əməliyyata hazırlıq məqsədilə İsfahandakı nüvə obyektinin tunellərini minalayıb, obyektin mühafizəsini gücləndirib və mümkün reydə qarşı hazırlıq görür.
11:59 26.07.2026
Oxunuş sayı: 77