Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı
Gürcüstanda baş verən genişmiqyaslı elektrik enerjisi kəsintisinin səbəbi məlum olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Qafqazın ən böyük su elektrik stansiyası olan İnquri SES-in direktoru Levan Meboniya "TV Pirveli" telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, ölkə üzrə elektrik təchizatının dayanmasına 500 kilovoltluq "İmereti" yüksək gərginlikli elektrik ötürücü xəttinin sıradan çıxması səbəb olub.
Meboniya qeyd edib ki, məhz bu xətt Gürcüstanın enerji sisteminin əsas yükünü daşıyır.
"Bu xəttin fəaliyyəti dayandıqdan sonra enerji sisteminin iş rejimi pozuldu və bütün enerji sistemi çökdü. Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır", – deyə o bildirib.
İnquri SES-in direktoru "İmereti" elektrik ötürücü xəttinin hansı səbəbdən sıradan çıxmasına isə aydınlıq gətirməyib.
17:11 25.07.2026
Oxunuş sayı: 54